Advertisement

Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub

Bakı. Trend:

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv
əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident
Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki
Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə
nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin
iştirakı ilə mayın 16-da görüş təşkil olunub.

Bu barədə Trend-ə verilən məlumatda qeyd olur ki, görüşdə çıxış
edən Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim
sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı
olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq,
sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin
təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş
çoxsaylı işlər barədə ətraflı məlumat verib.

Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu
ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas
elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş
görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət
siyasətinin və ictimai münasibətlərin daha da inkişafına
yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini
bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin
sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu
diqqətə çatdırıb.

Sonra tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış
edərək “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının
Qanunundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların
aidiyyəti üzrə gördüyü işlər məlumat veriblər. Ədliyyə Nazirliyinin
nümayəndəsi siyasi partiya üzvlərinin reyestrinin aparılması,
siyasi partiyalarla iş üzrə fərdi kabinetdən istifadə,
qanunvericiliyin pozulmasına görə məsuliyyət, Maliyyə Nazirliyinin
nümayəndəsi siyasi partiyalarda mühasibat uçotunun aparılması,
siyasi partiyalara dövlət maliyyə yardımının ayrılması, Mərkəzi
Seçki Komissiyasının nümayəndəsi siyasi partiyaların maliyyə
hesabatı, siyasi partiyalar tərəfindən ianələrin qəbul olunması,
Hesablama Palatasının nümayəndəsi isə siyasi partiyalara dövlət
büdcəsindən ayrılmış maliyyə yardımının xərclənməsinin yoxlanılması
kimi məsələlərə aydınlıq gətiriblər.

Daha sonra siyasi partiyaların nümayəndələri çıxış edərək
müzakirə olunan mövzulara münasibətlərini bildiriblər. Cəmiyyəti
narahat edən məsələlərin daha təkmil həlli yollarının
müəyyənləşdirilməsində siyasi partiyaların mühüm rol oynaya
biləcəyi nəzərə çatdırılaraq milli maraqlar və milli birliyin
qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual
qüvvələrinin səfərbər olmasının vacibliyi, habelə mövcud dialoq
mühitinin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanıb.

Tədbir dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi
partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və
müzakirələrlə davam edib.

İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və
hər bir siyasi qüvvənin belə təşəbbüslərdə fəal iştirak etməsinin
faydalı olacağını diqqətə çatdırıblar.

Tədbirdə aşağıdakı siyasi partiyaların nümayəndələri iştirak
ediblər:

Yeni Azərbaycan Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

Ana Vətən Partiyası

Ədalət, Hüquq, Demokratiya Partiyası

Böyük Quruluş Partiyası

Demokratik İslahatlar Partiyası

Vəhdət Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Milli Cəbhə Partiyası

REAL Partiyası

Haqq Ədalət Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Ümid Partiyası

Azərbaycan Demokrat Partiyası

Azərbaycan Xalq Partiyası

Böyük Azərbaycan Partiyası

Ədalət Partiyası

Klassik Xalq Cəbhəsi Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası

AĞ Partiyası

Azad Vətən Partiyası

Müasir Müsavat Partiyası

Gələcək Azərbaycan Partiyası

Yeni Zaman Partiyası

Müsavat Partiyası.