Advertisement

Milli Məclisin komitəsi Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsi ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsi mayın 16-da Lüksemburqun
Deputatlar Palatasının qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul
etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti
şiddətlə qınayır.

Trend xəbər verir ki, bununla bağlı komitə Lüksemburq Deputatlar
Palatasının qərəzli qətnaməsi ilə bağlı bəyanat yayıb.

Qeyd olunub ki, sözügedən qətnamədə Azərbaycanın Qarabağ bölgəsi
ilə bağlı həqiqət və faktlar nəzərə alınmamış, regionda mövcud
olmuş münaqişənin kökündə dayanan Ermənistanın Azərbaycana qarşı
ərazi iddiaları və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz
qoyulması tamamilə diqqətdən kənar buraxılmışdır. Ermənistanın
ölkəmizə qarşı 30 il ərzində törətdiyi hərbi işğal nəticəsində
4000-ə yaxın itkin düşmüş azərbaycanlının aqibətinin gözardı
edilərək, itkin düşmüş ermənilərin vurğulanması ölkəmizə qarşı
sərgilənən ikili standartların bariz nümunəsidir:

“Eyni zamanda, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də
həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və
məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar
səsləndirilmişdir. Bu mənada, həmin tədbirlərin Azərbaycana qarşı
davam edən hərbi təhdidlərin aradan qaldırılmasına və qanunsuz
hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi qətiyyən
nəzərə alınmamışdır. Həmçinin, Qarabağ regionunun erməni əsilli
sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində
atılan uğurlu addımlara lazımi qiymət verilməmiş və regiondakı
gələcək davamlı sülh üçün əlavə maneələr yaradılmışdır.

Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin
irəliyə aparılması üçün tədbirlərin görüldüyü, ikitərəfli
danışıqlar formatının müsbət şəkildə irəlilədiyi, xüsusən
sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində uğurlu
nəticələrin əldə edildiyi dövrdə Lüksemburq Deputatlar Palatasının
və onun havadarlarının məqsədi həmin ikitərəfli danışıqlar
formatını və sülh prosesini pozaraq regiona müdaxilə etməkdir.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsi olaraq, ölkəmizə qarşı
nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və
bunu Lüksemburq Deputatlar Palatasının daxilində reallığı dərk
etmək qabiliyyətinin və istəyinin olmamasının bariz nümunəsi kimi
qəbul edirik”.