Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın COP29-a sədrliyini yüksək
qiymətləndirir.
Trend xəbər
verir ki, bu barədə bu gün AİB-in Azərbaycandakı Daimi
Nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan “Ambisiyaların
artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nda
deyib.
“AİB Azərbaycanı COP29-a ev sahibliyi, sədrlik və nümayəndəlik
edən ölkə olaraq yüksək qiymətləndirir. Ölkə 30 il ərzində çox şey
əldə edib”, – o deyib.
Onun sözlərinə görə, Azərbaycanın “yaşıl” haba çevrilməsi onun
haqqında müstəsna olaraq karbon ölkəsi təsəvvürünü dəyişir.
O, AİB-in bir çox infrastruktur layihələrini maliyyələşdirdiyini
və hazırda Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə
layihələrin maliyyələşdirilməsində iştirak etdiyini bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























