Advertisement

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır (ÖZƏL)

Bakı. Trend:

Slovakiya COP29 tədbirinə hazırlıqda və tədbirin uğurla
keçirilməsində Azərbaycana dövlət və şirkətlər səviyyəsində kömək
göstərməyə hazırdır.

Bu barədə özəl olaraq Trend-ə Slovakiyanın tanınmış “Aspiro” konsaltinq
şirkətinin nümayəndəsi Miroslav Kuçera deyib.

“Şirkətimiz bərpa olunan enerji mənbələri (BEM) sahəsində
layihələr, eləcə də, hidrogen layihələri və enerji saxlama
layihələri ilə bağlı investisiya planlarının və maliyyə
komponentlərinin hazırlanması üzrə ixtisaslaşıb. Bütün bunlar
hazırda Azərbaycan üçün aktualdır, ölkə “yaşıl” enerjiyə güclü
diqqət yetirir ki, bu da COP29-a ev sahibliyi edən ölkə üçün daha
vacibdir”, – deyə Kuçera qeyd edib.

Onun fikrincə, COP29-un Bakıda keçirilməsi dünyada neft və qaz
ehtiyatları ilə tanınan Azərbaycanın özünü “yaşıl” enerji istehsal
etmək və onu Avropaya ixrac etmək potensialına və planlarına malik
ölkə kimi göstərməsi üçün yaxşı imkan yaradacaq.

“Bakıda keçiriləcək COP29-da iqlim maliyyələşdirməsi müzakirə
olunacaq. Bu mövzu şirkətimizə yaxındır, çünki biz MDB ölkələrində
və Avropada “yaşıl” layihələrlə çox işləyirik. Biz bu xüsusi
problemlə bağlı Azərbaycan strukturları ilə məsləhətləşmələrə
açığıq”, – o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun