
Bakı. Trend:
Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri
iki ölkə arasında əlaqələrin inkişafı üçün yeni mərhələ başlatmış
oldu.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
A.Qarayev bildirib ki, ölkə başçıları arasıbda baş tutan
görüşlər zamanı səsləndirilən fikirlər, aparılan müzakirələr
tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada
əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini təsdiqləyir.
“70 il ərzində keçmiş SSRİ tərkibində müttəfiq respublikalar
kimi mövcud olmuş Belarus və Azərbaycan müstəqillik əldə etdikdən
sonra öz aralarında diplomatik əlaqələri 1993-cü ildə qurublar.
Strateji tərəfdaş olan Azərbaycan ilə Belarus arasında bütün
sahələrdə əməkdaşlığın böyük potensialı var.
İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və ölkələr arasında
bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli
həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus
Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə
hökumətlərarası komissiya yaradılıb. Belarus hər zaman Azərbaycanın
ərazi bütövlüyünü tam dəstəkləyib və hərbi sahədə ölkələrimiz
arasında sıx əməkdaşlıq mövcuddur”.
Politoloq qeyd edib ki, Belarus və Azərbaycan arasında əlaqələr
kifayət qədər geniş spektoru əhatə edir. Bura təhlükəsizlik,
iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək kimi
strateji əhəmiyyət kəsb edən sahələr də aiddir.
“Prezidentlərin görüşündə postmünaqişə dövründə Cənubi Qafqaz
regionunda vəziyyət də müzakirə olundu. Dövlətimizin başçısı
Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin
bərpasında fəal iştiraka dəvət etdi. Çünki Prezident İlham Əliyevin
də vurğuladığı kimi, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi,
müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi
var.
Bununla yanaşı, dövlət başçılarının istər təkbətək, istərsə də
geniş tərkibdə keçirdikləri görüşlərin gedişində hərbi-sənaye
kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı
məsələləri və ümumiyyətlə, ölkələrimizin iqtisadiyyatının inkişafı
üçün praktiki əhəmiyyət daşıyacaq bir çox məsələlər geniş şəkildə
müzakirə olunub. Əldə edilən razılıqlar və imzalanan sənədlər
Azərbaycan-Belarus münasibətlərinin bundan sonra daha da yüksək
dinamika ilə inkişaf edəcəyini söyləməyə tam əsas verir”.





























