Advertisement

VI sinif şagirdləri üçün monitorinq keçirilib

Bakı. Trend:

Mayın 19-da paytaxtda ümumi təhsil müəssisələrinin VI
siniflərində monitorinq təşkil olunub. Monitorinq tədris dili,
təbiət və riyaziyyat fənləri üzrə aparılıb.

Trend xəbər verir ki, paytaxt üzrə monitorinq üçün ayrılan 91
imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 50 minə yaxın
VI sinif şagirdi biliyini sınayıb.

Təhsilalanlara tədris dili fənni üzrə 25 qapalı sual, təbiət
fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq
sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə
vaxt verilib.

Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris
dilindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat
fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə,
statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən insan
orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və
onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit və biz
məzmun xətlərini əhatə edib.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə və
digər struktur bölmə rəhbərləri monitorinq prosesini
izləyiblər.

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin
yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və
bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və
tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin
görülməsindən ibarətdir.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə
ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir
göstərmir.

Qeyd edək ki, mayın 18-də ümumi təhsil müəssisələrinin IV
siniflərində monitorinq keçirilib. Ölkə üzrə 18-19 may tarixlərində
IV və VI sinif şagirdlərini əhatə edən monitorinqlərdə 300 min
nəfərə yaxın şagird iştirak edib.