Advertisement

“Şəfəq” layihəsi üzrə qiymətləndirmə martın sonunadək nazirliyə təqdim olunacaq

Bakı. Trend:

bp şirkətinin törəməsi olan “Lightsource bp” şirkəti bu il mart
ayının sonunadək Cəbrayıl rayonunda 240 meqavatt gücündə
günəş-elektrik stansiyasının (GES) “Şəfəq” layihəsi üçün Ətraf
Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ)
sənədinin yekun versiyasını Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə təqdim edəcək.

Trend xəbər
verir ki, bu barədə “Lightsource bp” şirkətinin ekoloji və sosial
məsələlərin planlaşdırılması üzrə əsas mütəxəssisi Aaron Şeyn
“Şəfəq” layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin
Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin versiyasının müzakirəsi
üçün ictimaiyyətlə görüşdə deyib.

“Mart ayında “Şəfəq” GES-in tikinti layihəsi üzrə ƏMSSTQ-in
yekun variantını Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim
etməyi planlaşdırırıq və aprel ayında təsdiqlənəcəyinə ümid
edirik”, – o deyib.

Onun sözlərinə görə, GES-in tikintisinə bu ilin ikinci
yarısında, Cəbrayıldan 5-10 km məsafədə başlanılması planlaşdırılır
və tikinti ümumilikdə 18 ay davam edəcək.

Stansiyanın sahəsi 802 hektar olacaq,
stansiyanın özü 240 MVt dəyişən cərəyan gücünə (generasiya gücü)
malik olacaq ki, bu da öz zirvəsində 288 MVt-a çata bilər. Layihəyə
fotovoltaik günəş elektrik stansiyasının layihələndirilməsi,
avadanlıq təchizatı, tikintisi, quraşdırılması, sınaqları,
istismara verilməsi və istismarı daxildir.

“Lightsource bp” stansiyanın tikintisi, istismara verilməsi və
istismarına görə cavabdehlik daşıyacaq.

Elektrik stansiyasının istehsal etdiyi elektrik
enerjisi yekun nəticədə Azərbaycanın milli elektrik şəbəkəsinə
ötürüləcək. Layihə çərçivəsində 33/330 kV-luq yarımstansiyanın
tikintisi də nəzərdə tutulub. Qrafikə uyğun olaraq, 2024-cü ilin
iyul-oktyabr ayları ərzində “Lightsource bp” şirkəti qüvvə və
vasitələrin (işçi qüvvəsi, texnika və s.) səfərbər edilməsi və
ərazinin hazırlanması üzrə işlərin görülməsini planlaşdırır.

GES-in tikintisi 2024-cü ilin oktyabrından 2025-ci ilin
noyabrınadək aparılacaq, istismara vermə sınaqları 2025-ci ilin
noyabrında başlayacaq, stansiyanın kommersiya istismarı 2025-ci
ilin dekabrında başlayacaq.

6-8 ay ərzində tikinti işçi qüvvəsinin orta hesabla 300 nəfərdən
ibarət olacağı, pik dövrdə isə 700 nəfərə çatacağı gözlənilir.

GES-in illik 500 milyon kVt/saat elektrik enerjisi hasil edəcəyi
gözlənilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun