Advertisement

Yayda mənzillərin qiyməti ucuzlaşacaq – Trend.Az

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə
mexanizmi çərçivəsində tam təmirli mənzilləri vətəndaşlara təqdim
edib.

Bu mənzillərin satışa çıxarılması mənzil bazarına necə təsir
edəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert
Ramil Qasımlı bildirib ki, satışa çıxarılan mənzillər daşınmaz
əmlak bazarında qiymətlərə təsir etməyəcək.

“Bu günə qədər satışa çıxarılan kirayə mənzillərin sayı 4434
olub. Bu rəqəm çox azdır. Çünki tələbat satışa çıxarılan
mənzillərdən dəfələrlə çoxdur. Tələb təklifi çox üstələyir. Bu
layihənin daha da təkmilləşdirilməsi və mənzillərin sayının
artırılmasına ehtiyac var.”

Ekspert mənzil bazarında hazırki vəziyyətiylə bağlı da
danışıb.

“Mənzil bazarında hazırda durğunluqdur. Bunun da əsas səbəbi
mənzillərin qiymətinin çox bahalaşmasıdır. Hazırda paytaxtın
mərkəzə yaxın yerlərində 35-40 kvadratlıq bir otaqlı mənzillərin
qiyməti 100 min manata və daha baha satılır. İnsanlar ehtiyacı olsa
da bu miqdarda pulu kiçik kvadratlı evlərə vermək istəmir.
Durğunluqdan dolayı yayda mənzillərin qiymətinin 10%-ə qədər
ucuzlaşacağı gözlənilir. Lakin payıza doğru qiymətlər dəyişə
bilər”, – deyə o qeyd edib.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq
öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd
Əsədov küçəsində 328 tam təmirli mənzili vətəndaşlara təqdim
edib.

Mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır.

Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS)
üzərindən seçim üçün 23 may 2024-cü ildən etibarən açıq olacaq.
Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin
siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.