Bakı. Trend:
Azərbaycanda məhsul keyfiyyətinə nəzarət üzrə görülən işlər onun
rəqabət qabiliyyətini artırmağa kömək edəcək.
Trend xəbər
verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX)rəisi Məmməd
Abbasbəyli Bakıda keçirilən Milli Metrologiya Forumunda deyib və
mayın 20-nin Beynəlxalq Metrologiya Günü olduğunu əlavə edib.
Onun sözlərinə görə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafın
Milli Prioritetləri” proqramı çərçivəsində uzunmüddətli islahatlar
aparılır ki, bu da Azərbaycan məhsullarının rəqabət qabiliyyətini
artırmağa imkan verəcək.
“Keyfiyyət infrastrukturun inkişafının təmin edilməsi ilk
növbədə rəqabətə təsir edir. Axı bazarda mal və xidmətlər arasında
rəqabətin əsas ölçü vahidi qiymət deyil, qiymət və keyfiyyət
nisbətidir”, – deyə M.Ababsbəyli vurğulayıb.
Xidmət rəisi AİBNDX-nin əsas məqsədinin güclü və sabit rəqabət
mühiti yaratmaqla sahibkar-istehlakçı münasibətlərinin
tənzimlənməsi, əhaliyə keyfiyyətli məhsulların təqdim edilməsi,
inhisarın qarşısının alınması, eləcə də şəffaflıq və fəaliyyət
səmərəliliyini təmin etməklə ölkə iqtisadiyyatının
möhkəmləndirilməsi olduğunu qeyd edib.
“Xidmətimizin fəaliyyətinə metroloji nəzarət daxildir. Dövlət
metroloji nəzarətinin əsas məqsədi iqtisadiyyatın müxtəlif
sahələrində aparılan qeyri-dəqiq ölçmələr nəticəsində insanların
həyat və sağlamlığına, o cümlədən dövlətin iqtisadi maraqlarına
təhdidlərin yaranma ehtimalını minimuma endirməkdən ibarətdir”, – o
deyib.
Xidmət rəisi bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi və
innovasiyaların tətbiqi məqsədilə Azərbaycan Metrologiya İnstitutu
ilə Türkiyə, Almaniya, Çexiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və
bir sıra digər ölkələrin metrologiya sahəsində fəaliyyət göstərən
qurumları arasında əməkdaşlıq əlaqələri qurulub.
(Tərcümə: Rəna Əbdürəhmanova)























