Advertisement

Saatlıq minimum əməkhaqqına keçid maaş artımına necə təsir göstərəcək?

Bakı. Trend:

Saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırlanması
əməyin qiymətləndirilməsi baxımından yeni mexanizmin hazırlanması
mənasına gəlir.

Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar
Bayramov deyib.

O qeyd edib ki, bu mexanizmin hazırlanması zaman tələb edən
prosesdir.

“Çünki buradan bir tərəfdən aylıqdan saatlıq minimuma keçid,
digər tərəfdən isə bəzi sektorlarda saatlıq əməkhaqqına keçid
ayrıca yanaşma tələb edəcək.

Bir sıra inkişaf etmiş ölkələrdə saatlıq iş rejiminə keçid var.
Bunun əsas üstünlüyü ondan ibarətdir ki, vətəndaş eyni zamanda bir
neçə mənbədən əməkhaqqı ala bilir. Yəni öz fəaliyyətinin saat üzrə
əməyi qiymətləndirilir. Eyni zamanda bir neçə qurumla əmək
müqaviləsi bağlaya bilir. Bu baxımdan saatlıq əməkhaqqı rejiminə
keçid maaş artımına təsir göstərə bilər. Saatlıq iş rejimin
mahiyyəti vətəndaşın daha çox mənbədən əməkhaqqı almasına imkan
yaradır. Bu konteksdən təbii ki, saatlıq iş rejiminin üstünlükləri
var. Amma bu mexnizmin hazırlanması zaman tələb edənbir prosesdir.
Sektoral yanaşma vacibdir”, – deyə o əalvə edib.

Qeyd edək ki, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə
Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət
Planı”nda Azərbaycanda saatlıq minimum əməkhaqqı ilə bağlı
təkliflər hazırlanması öz əksini tapıb.

Belə ki, qrup aylıq minimum əməkhaqqının saatlıq minimum
əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflərin hazırlanaraq
aidiyyəti üzrə təqdim edilməsi istiqamətində iş aparır.

Bununla yanaşı, qrupa minimum əməkhaqqının artırılması ilə bağlı
təkliflərin hazırlanaraq, aidiyyəti üzrə təqdim edilməsi
tapşırılıb. Minimum əməkhaqqı anlayışında sosial vəziyyətin nəzərə
alınması ilə bağlı təkmilləşdirilmənin aparılması da qrupun
fəaliyyət planına daxil edilib.