Advertisement

İmtahanların nəticələri elan olunub – Trend.Az

Bakı. Trend:

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 5 may 2024-cü il
tarixində keçirilən imtahanların nəticələri elan olunub.

Bu barədə Trend-ə DİM-dən
xəbər verilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən 5 may 2024-cü il tarixində
keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili
müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli
dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə
xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən
fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün
əlavə tədris dili imtahanı;

4. Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında
müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə
müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış
imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada
iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə
bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX
sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini
verilən keçiddən https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=58
öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini
öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2023/netorta/
istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı
(hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell,
Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu
7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 11948 nəfərdən 1335
nəfər imtahana gəlməyib.

İmtahanda ən yüksək nəticəni 296,6 bal toplayan Masallı rayonu,
Həsənli kənd orta məktəbinin 2023-cü il məzunu göstərib. Xatırladaq
ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də
Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya
Komissiyasına müraciət etmək istəyənlər 22 may saat 10:00-dan 24
may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə
bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər
sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi
seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın
hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron
ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul
edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi
aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan
bütün işlər araşdırılır;

İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə
ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə
edilir;

İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri
telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı
“sms” göndərilir.

Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az
saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış
ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş
cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi
nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda
iki dairənin qaralanması və s.) bağlı müraciətlərə
baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər
(abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı
səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir
açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin
tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış
ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya
üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab
verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə
şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip
müraciətlərə baxılmayacaq.