Bakı. Trend:
Macarıstan Enerji və iqlim üzrə Milli Planın yeni versiyasını
2024-cü il 30 iyunadək təqdim edəcək.
Trend xəbər
verir ki, bu barədə bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasında Macarıstan nümayəndə heyətinin rəhbəri Veronika
Bagi ADA Universitetində keçirilən “İqlim dəyişmələri ilə
mübarizənin imkanları və çağırışları. Avropa və regional
perspektivlər” mövzusunda semninarda deyib.
“Macarıstan hazırda özünün Enerji və iqlim üzrə Milli Planını
gözdən keçirir və yeni versiyanı 30 iyun 2024-cü ilədək təqdim
edəcək”, – o deyib.
Onun sözlərinə görə, plana aşağıdakı məqsədlər daxildir:
– İstixana qazlarının ümumi emissiyasının 1990-cı illə
müqayisədə 2030-cu ilədək ən azı 50 faiz azaldılması;
– Enerjinin ümumi yekun istehlakında bərpa olunan enerji
mənbələrinin payının ən azı 29 faizə çatdırılması;
– Günəş enerjisi istehsalı üzrə imkanların 2030-cu ilədək
hazırkı təqribən 500 meqavatt səviyyədən təqribən 12 000
meqavattadək genişləndirilməsi;
– Külək elektrik stansiyalarının imkanlarının 2030-cu ilədək 330
meqavattdan 1000 meqavatta qədər artırılması.
O, həmçinin Karpat hövzəsinin, xüsusən də Macarıstanın
gözlənilən ekstremal temperatur nöqteyi-nəzərindən Avropanın ən
həssas bölgələrindən biri olduğunu qeyd edib.
Onun sözlərinə görə, orta temperaturun 3-4°C dərəcəyədək
yüksəlməsi və istilik dalğalarının əhəmiyyətli dərəcədə artmasına
doğru tendensiya müşahidə olunur.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























