Advertisement

Lisenziya turniri üçün boksçularımızın adları açıqlanıb

Bakı. Trend:

Mayın 24-də Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya
Olimpiya Təsnifat Turniri start götürəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan
milli komandası 9 boksçu ilə təmsil olunacaq.

Yığmamızın heyətində Olimpiya lisenziyası uğrunda Şamil Əsgərov
(57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Alfonso
Dominqes (92 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54
kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və
Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.

Turnirdə 133 ölkə və Qaçqınlar komandasından 600-dən çox
boksçunun iştirakı gözlənilir. Yarışda kişi idmançıların
mübarizəsində 28, qadınlarda 23 nəfər Paris-2024 Yay Olimpiya
Oyunlarına lisenziya əldə edəcək.

Reqlamentə əsasən, boksçularımızın mübarizə aparacağı 57 kq-da 3
(kişilər), 63,5, 71 kq-da 5, digər çəkilərdə 4 idmançı Fransa
paytaxtında iştirak hüququna yiyələnəcək.

Yarışın püşkü mayın 23-də atılacaq.

Qeyd edək ki, yığmamızın heyətində artıq Nicat Hüseynov (51 kq),
Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq)
Paris-2024-ə lisenziya qazanıblar.