Advertisement

TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqləndi

Bakı. Trend:

İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və
həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə Qaydası təsdiq
edilib.

Trend xəbər verir ki, Baş
nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən
etdiyi hallar istisna olmaqla, vəsait bu Qaydaya uyğun olaraq
istifadə olunur. Vəsait dövlətin mülkiyyəti hesab olunur, TƏBİB-in
sərəncamındadır, onun sərəncamçısı dəyişdirilə bilməz. TƏBİB-in
aparatının işçilərinə şamil olunur. Vəsait Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən
cərimələrdən toplanılan vəsaitin 18 faizi hesabına
formalaşdırılır.

Vəsaitin toplanması məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət
Xəzinədarlıq Agentliyində TƏBİB-in xüsusi hesabı açılır.

Maliyyə Nazirliyi vəsaitin hər ay üçün növbəti ayın 5-dən gec
olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan
vəsaitin dekabrın 26-sı (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə,
növbəti iş günü) TƏBİB-in müraciəti əsasında onun bank hesabına
köçürülməsini təmin edir. Vəsaitin yığılması və istifadəsi hər il
növbəti il üçün proqnozlar əsasında hazırlanan və TƏBİB tərəfindən
cari il dekabrın 20-dən gec olmayaraq, bu Qaydanın əlavəsindəki
formada təsdiq edilən gəlirlər və xərclər smetasına uyğun olaraq
həyata keçirilir.

İl ərzində təsdiq edilən gəlirlər və xərclər smetasında nəzərdə
tutulan vəsaitdən çox və ya az məbləğdə vəsait daxil olduqda, həmin
smeta TƏBİB tərəfindən yenidən təsdiq olunmaqla, vəsaitdən bu
Qaydaya uyğun istifadə edilir. Vəsaitin istifadəsinə nəzarəti TƏBİB
həyata keçirir. Vəsaitdən istifadə istiqaməti Vəsait TƏBİB-in
aparatının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
məqsədilə onların aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün
xərclənir. Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir
dəfə
olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin
ayın 28-i (dekabrın 28-i qeyri-iş gününə düşdükdə növbəti iş günü)
həyata keçirilir.

Əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti,
həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş
günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir,
lakin bu əlavə məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının
hesablanması zamanı nəzərə alınmır. Vəzifə maaşına əlavə aşağıdakı
günlər üçün hesablanmır:

– işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin
hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;

– işçinin qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz
məzuniyyətdə olduğu günlər.

Bu Qaydaya əsasən işçilərə ödənilən vəsaitdən gəlir vergisi,
məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və
icbari
tibbi sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə,
“Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi
sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun
olaraq tutulur.