
Bakı. Trend:
Aİ Transxəzər nəqliyyat dəhlizini multimodal iqtisadi qapıya
çevirmək istəyir.
Trend xəbər verir ki, bunu Avropa Komissiyasının beynəlxalq
əməkdaşlıq üzrə direktorunun baş müşaviri Henrik Hololey
Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin (CPC) təşkilatçılığı ilə
keçirilən VIII Transxəzər Forumu zamanı deyib.
“Diqqət yetirdiyimiz əsas layihələrdən biri Transxəzər Nəqliyyat
Dəhlizinin müasir multimodal iqtisadi qapıya çevrilməsidir. Dəhlizi
rəqabətli, proqnozlaşdırıla bilən, əlçatan və dayanıqlı etmək bizim
maraqlarımızdadır”, – deyə o vurğulayıb.
Hololey bildirib ki, bu dəhlizin inkişafı heç vaxt indiki qədər
vacib olmayıb.
Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa İttifaqı ölkələrinin
dəmir yolu konteyner yükdaşıma şəbəkələrini Mərkəzi Asiya, Türkiyə
və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.
Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara
dəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan,
Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə
birləşdirir.
Orta Dəhliz yük axınının Çindən Türkiyə, o cümlədən Avropa
ölkələrinə və əks istiqamətdə artmasına şərait yaradır.
Bu dəhlizlə hərəkət edən marşrut qatarı orta hesabla 20-25 gün
ərzində yükləri Çindən Avropaya çatdırır və bu, qeyd olunan
nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.



























