
Bakı. Trend:
Bakıda daha bir beynəlxalq idman tədbiri keçiriləcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu Azərbaycan Gimnastika
Federasiyasının mətbuat xidməti açıqlayıb.
Paytaxtda “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq
Çelenci təşkil olunacaq. Tədbir iyunun 1-2-də baş tutacaq.
Yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq bütün
insanları birləşdirəcək bu gimnastika bayramında Azərbaycanın
müxtəlif bölgələrindən, həmçinin xarici ölkələrdən, ümumilikdə,
60-a yaxın komanda iştirak edəcək.
İştirakçılar iki yaş kateqoriyası – 50 yaşdan aşağı və 50 yaşdan
yuxarı proqramları üzrə çıxış edəcəklər. Bu möhtəşəm tədbir
gimnastikanın sadəcə idman növü deyil, həm də sağlam həyat tərzi
nümunəsi və əyləncə forması olduğunu bir daha sübut edəcək.
Əsl festival ab-havası yaşadacaq bu tədbir ustad dərsləri,
komandaların rəngarəng yürüşləri, hər yaş qrupunun zövqünə xitab
edəcək əyləncə proqramları ilə yadda qalacaq. Uşaqların Beynəlxalq
Müdafiəsi Günündə start götürəcək festival Qala şou ilə davam
edəcək.





























