Advertisement

Kollecdə yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Bakı. Trend:

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində yol verilmiş
qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında
rayon prokurorluğunda araşdırma aparılıb.

Göyçay rayon prokrurorluğundan Trend-ə verilən məlumata görə,
araşdırma zamanı 01.01.2018-ci il tarixdən 01.12.2023-cü il
tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Kollecinin
vəzifəli şəxsləri tərəfindən balansda olan nəqliyyat vasitələrinə
heç bir təmir işləri aparılmadan ehtiyyat hissələrinin və yanacağın
əsassız olaraq məxaricə silinməsi, həmçinin yerinə yetirilməyən
təmir və abadlıq işlərinin dəyərinin qəbul aktlarına daxil edilməsi
və digər yollarla ümumilikdə 88 min manatdan artıq pul vəsaitinin
mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən
edilib.

Fakta görə rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3
və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli
miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə
cinayət işi başlanaraq istintaq aparılır.