Advertisement

Böyük Britaniyanın Baş naziri Prezident İlham Əliyevə məktub göndərib

Bakı. Trend:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş
naziri Rişi Sunak Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Prezident Əliyev.

XI Qlobal Bakı Forumu münasibətilə Sizi təbrik edirəm.

Bu Forum əhəmiyyətli bir dönəmdə keçirilir. Bakı noyabrda
COP29-a ev sahibliyi edəcək və bütün dünyanın diqqəti heç vaxt
olmadığı qədər Azərbaycana yönələcək. Bilirəm ki, ölkəniz bu
çağırışın öhdəsindən layiqincə gələcək və ənənəvi qonaqpərvərliklə
mükəmməl tədbir təşkil edəcəksiniz.

Dubayda COP28 çərçivəsində keçirilmiş qlobal dəyərləndirmə
təcili fəaliyyətə ehtiyac olduğunu nümayiş etdirdi. Bu il
razılaşdırdığımız iddialı öhdəliklərin həyata keçirilməsi
baxımından diqqət Azərbaycanın üzərində olacaq. Biz birlikdə
mərhələli şəkildə yanacaq enerji növlərindən və davamlı kömür
istifadəsindən imtina yolu ilə enerji keçidlərini irəlilətməli və
qlobal tullantıları azaltmalıyıq. Biz, həmçinin həssas ölkələrin
iqlim dəyişmələrinə dayanıqlılığını artırmağa davam etməliyik. Neft
və qaz hasilatçısı olan Böyük Britaniya qlobal istiləşməni 1,5
dərəcəyə qədər məhdudlaşdırmağa dair Paris öhdəliyinə əməl edərək
xalqlarımızın və planetimizin gələcəyini təmin edəcək ədalətli
enerji keçidi kursunun təyin olunmasının zəruriliyini başa
düşür.

COP29-da maliyyə mənbələrinə diqqət yetiriləcək. İqlim
dəyişmələri ilə mübarizə üçün milyardlardan trilyonlara keçmək
məqsədilə iqlimin maliyyələşdirilməsi üzrə kollektiv kəmiyyət
hədəfinə dair konsensusa nail olmaq istiqamətində müsbət nəticə
əldə etməliyik. Böyük Britaniya hər bir COP tədbiri zamanı əvvəlki
illə müqayisədə daha iddialı hədəflərin qarşıya qoyulması üçün
Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə
əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmək imkanını alqışlayır.
Biz bu tədbirə hazırlıq mərhələsində COP26-nın Qlazqoda keçirilməsi
ilə bağlı əldə etdiyimiz təcrübəni Azərbaycanla bölüşməyə
hazırıq.

Azərbaycan bütün dünyada yüksək qiymətləndirilən ticarət yolları
üzərində yerləşir. Böyük Britaniya Xəzər dənizindən Mərkəzi Asiyaya
və Türkiyədən Qara dənizə və Avropaya yeni bağlantıların açılmasına
dəstək verməyə davam edəcək. Bugünkü Qlobal Bakı Forumunda Sizin
qonaqlarınız BMT-nin Nizamnaməsində təsbit olunmuş ortaq
təhlükəsizliyimizi və firavanlığımızı müdafiə edən, həmçinin bu gün
bir çox tərəflərdən təzyiqlərə məruz qalan həmin ümumi prinsiplər
və dəyərlər barədə düşünə bilərlər.

Azərbaycan öz gələcəyinin keçid mərhələsindədir. Bu dönəmdə
Sizin Ermənistanla onilliklərlə davam edən münaqişəyə son
qoymağınız üçün tarixi şansınız var. Dünya Sizin dekabr ayındakı
birgə bəyanatınızı alqışladı; bu ilin noyabrında Bakıya gələrək
sülh sazişi imzalamaq, Cənubi Qafqaz ölkələrinin iqlim və enerji,
su və ərzaq təhlükəsizliyi kimi ortaq çağırışlara qarşı birlikdə
mübarizə aparmaq öhdəliyini qəbul etmələri çox yaxşı olardı.

Belə fürsətlərin açıq qalacağını və ya yenidən olacağını deyə
bilmərik. Bəziləri hamının maraqlarına xidmət edən, çətinliklə əldə
olunmuş sülh və əməkdaşlıq əvəzinə, dünyanı yenidən silahlı
münaqişəyə və rəqabətə sürükləməyi üstün tutur. Dünyanın bu həssas
və qeyri-müəyyən dönəmində biz Azərbaycanın sabitliyi və
müəyyənliyi təmin edəcək fürsətdən faydalanmasını gözləyirik.

Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr ortaq
maraqlarımız, qarşılıqlı firavanlıq və təhlükəsizlik naminə
dərinləşməkdə və genişlənməkdə davam edir. 2024-cü ilin sonunda
COP29-un uğurla keçirilməsi üçün Böyük Britaniya Azərbaycanın
yanında olacaq. Ümid edirəm ki, o vaxtadək Siz Ermənistanla davamlı
sülhə nail olacaqsınız və biz iki ölkə arasında tərəfdaşlıq,
əməkdaşlıq üçün yeni dövrü alqışlaya biləcəyik. Hamınıza məhsuldar
müzakirələr arzulayıram”.