Advertisement

Azərbaycan sərhədçiləri Qazaxın 4 azad edilmiş kəndini nəzarətə götürüblər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax
rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı
kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə, 19
aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət
Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd
təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu
imzalanıb.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin
Mustafayevin Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, qeyd olunan Protokolun həyata keçirilməsi
məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya
ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd
xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl
işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.

15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və
Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti
9-cu görüşü keçirilmiş, sözügedən Texniki Protokol razılaşdırılmış
və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti
müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax
rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və
Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması
təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım,
Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə
götürülüb.