Bakı. Trend:
Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üzrə növbəti köç
prosesi gerçəkləşib. Səhər saatlarında müxtəlif bölgələrdən yola
salınan ailələr doğma kəndlərinə çatıblar.
Trend xəbər verir ki, Sus kəndi bu dəfə 39 ailə olmaqla, 140
sakinini qarşılayıb.
Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma
yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıb və Laçının
gözəl mənzərəsini seyr ediblər.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı
ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.
Bununla da Laçın rayonunun Sus kəndində 59 ailə, yəni 215
nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin Sus
kəndində məskunlaşması üçün bütün şərait yaradılıb.





























