
Bakı. Trend:
Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP)
Xətai rayon təşkilatının və “Gənclərin Respublika Bədii Yaradıcılıq
Evi”nin təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr edilmiş
“Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib.
Trend xəbər verir ki, gənclərin Respublika Bədii Yaradıcılıq
Evində keçirilən tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının
sədri Vüqar Rəhimzadə bildirib ki, 1918-ci il mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini
imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş,
xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış,
dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş,
dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş,
Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi
tanınması, diplomatik müstəvidə milli maraqların qorunması
istiqamətində mühüm addımlar atılmışdır. Cəmi 23 ay mövcud olmuş
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya
ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. 1991-ci
il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini yenidən
bərpa etsə də müstəqilliyimizin ilk illərində ölkəmizdə xaos,
anarxiya, özbaşınalıq hökm sürürdü. Müstəqilliyini, bir dövlət
olaraq varlığını itirmək təhlükəsini yaşayan Azərbaycanı bu çətin
vəziyyətdən xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin
düşünülmüş və məqsədyönlü siyasəti, zəngin təcrübəsi, yüksək
idarəçilik məharəti çıxardı. Ümummilli Lider Heydər Əliyevin
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı
Azərbaycanın müstəqillik tarixinin yeni, parlaq səhifəsini yazdı.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bizim əsl
müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır.
Vüqar Rəhimzadə vurğulayıb ki, son 20 ildən artıq dövrdə bütün
sahələrdə Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən güclü
dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və bütün
ərazilərində suverenliyini tam bərpa edərək tarixi Zəfərin
sevincini yaşayır. Azərbaycan xalqı xoşbəxt xalqdır ki,
müstəqilliyimizi daimi, əbədi edən Heydər Əliyev kimi Ümummilli
Lideri, torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü və
suverenliyimizi tam bərpa edən cənab İlham Əliyev kimi Prezidenti
var.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Tədbirdə
biri-birindən maraqlı musiqi nömrələri təqdim edilib.





























