Advertisement

Ceyhun Bayramov Almaniya xarici işlər naziri ilə telefonla danışıb

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
ilə Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena
Berbok arasında telefon danışığı aparılıb.

XİN-dən Trend-ə verilən xəbərə görə, telefon danışığı zamanı
Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin cari vəziyyəti və
perspektivləri, regionda mövcud vəziyyət, habelə Azərbaycan və
Ermənistan arasında sülh prosesi müzakirə olunub.

Alma-Ata şəhərində 10-11 may tarixlərində Azərbaycan və
Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş barədə
qarşı tərəfə ətraflı məlumat verilib. Ümumilikdə, sülh prosesi
çərçivəsində fikir ayrılıqları olan məsələlər nəzərdən keçirilib,
danışıqların davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Son zamanlar Azərbaycanla-Ermənistan arasında baş tutan
razılaşmalar və etimad quruculuğu tədbirləri, xüsusilə də
delimitasiya komissiyaları tərəfindən əldə edilmiş razılığa əsasən
Azərbaycana məxsus 4 kəndin geri qaytarılması və sərhəddin bir
hissəsinin delimitasiya olunması sülh prosesi çərçivəsində
əhəmiyyətli tədbirlər kimi qeyd edilib.

Telefon danışığı zamanı, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) ev sahibliyi çərçivəsində “Petersberq İqlim
Dialoqu” formatında Azərbaycan və Almaniya həmsədrliyi ilə tədbirin
əhəmiyyəti vurğulanıb, bundan sonra da iki ölkə arasında COP29
çərçivəsində əməkdaşlığın vacib olduğu qeyd edilib.

Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.