
Bakı. Trend:
Azərbaycanda səfərdə olan ABŞ-ın Meyn ştatının rəsmilərindən və
ictimaiyyətin tanınmış üzvlərindən ibarət nümayəndə heyəti işğaldan
azad edilmiş Şuşa və Laçında olub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, qonaqlara Şuşa şəhərində hazırkı mövcud vəziyyət
haqqında məlumat verilib, aparılan sürətli bərpa və yenidənqurma
işləri göstərilib. Nümayəndə heyəti Şuşaya yeni köçənlər üçün
yaradılan şəraitlə tanış olub və görülən bu işləri yüksək
qiymətləndiriblər. İşğal dövründə ermənilər tərəfindən Şuşa
şəhərində mədəniyyət abidələrinə, məscidlərə qarşı törədilmiş
vandalizm aktlarını pisləyiblər. Daha sonra qonaqlar Vaqifin
məqbərəsi, Gəncə qapıları, “Güllələnmiş heykəllər” abidəsini, Cıdır
Düzünü, Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.
ABŞ nümayəndə heyəti daha sonra Laçına yola düşüb. Qonaqlara
Laçına yeni köçənlər üçün yaradılan şərait, iş yerləri və onların
sosial təminatı, rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri
haqqında ətraflı məlumat verilib. Laçın şəhərində yerləşən Aqro və
Sənaye Parkında, istixanada, ferma və mebel sexində və Sus kəndində
olublar. Sus kəndində qonaqları mehriban və gülərüz qarşılayan
yerli sakinlər onları evlərinə dəvət edib, dövlətin yaratdığı gözəl
şəraitlə yaxından tanış ediblər. Azərbaycan təbiətinin gözəlliyi və
yerli sakinlərin qonaqpərvərliyi nümayəndə heyətində xoş
təəssüratlar oyadıb.





























