
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq biomüxtəliflik günü
ərəfəsində Berlinə işgüzar səfəri çərçivəsində Azərbaycan
Mədəniyyət Mərkəzində IDEA İB-nin təşkilatçılığı ilə keçirilən
“Təbiətə qayıdış: Azərbaycanda zubr populyasiyasının bərpası” adlı
tədbirdə iştirak edib.
Trend xəbər verir ki,
tədbirdə çıxış edən Leyla Əliyeva, eləcə də Berlin Zooparkının
direktoru Andreas Knirim və Ümumdünya Təbiəti Mühafizə Fondunun
(WWF) Almaniya nümayəndəliyinin konservasiya üzrə müdiri Katrin
Samson tədbirin əhəmiyyətindən bəhs edib, ölkəmizdə zubr
populyasiyasının bərpası və inkişafı üzrə görülən işlərin
vacibliyini iştirakçıların diqqətinə çatdırıblar. Tədbirdə həmçinin
bu sahədə görülən işlərə həsr olunmuş film və fotosərgi nümayiş
etdirilib.
Leyla Əliyeva səfər çərçivəsində “Michael Succow” Fondunun
təsisçisi Maykl Sukkov, Lissabon Zooparkının Zoologiya və veterinar
şöbəsinin müdiri Ruy Bernardino, eləcə də Andreas Knirim və Katrin
Samson ilə ayrıca görüşlər keçirib, təbiəti mühafizə, canlı aləmin
konservasiyası və bərpası sahələrində əməkdaşlıq imkanları barədə
fikir mübadiləsi aparıb. Sonuncu görüş zamanı Bakı və Berlin
Zooparkları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memoranduma əsasən, zooparklar öz aralarında məlumat, bilik və
təcrübə mübadiləsi keçirəcək, habelə əməkdaşlar üçün birgə təlimlər
təşkil edəcəklər.
Qeyd edək ki, ötən əsrin əvvəllərində ölkəmizdə nəsli kəsilmiş
zubr populyasiyasının vəhşi təbiətə reintroduksiyası məqsədilə
2012-ci ildən etibarən İDEA İctimai Birliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun
Azərbaycan nümayəndəliyinin birgə tərəfdaşlığı çərçivəsində uğurla
həyata keçirilməkdə olan layihə nəticəsində hazırda Şahdağ Milli
Parkının ərazisində 61 başdan ibarət zubr populyasiyasının
bərpasına nail olunub.





























