Bakı. Trend:
Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə
yaşayan ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə
yaşayış məntəqəsindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən
etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası
ödəniləcək.
Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Ədliyyə
orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2024-cü il 7 may tarixli 1147-VIQD nömrəli Qanununun tətbiqi və
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında fərmanda öz əksini
tapıb.
Qeyd edək ki, bundan əvvəl xidmət yerinin dəyişdirilməsi ilə
əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş
mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda
kompensasiya ödənilib. Yeni qaydanın tətbiqi ilə əlaqədar bu müddəa
ləğv olunub.





























