
Bakı. Trend:
Martın 15-i Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər
nazirləri Ceyhun Bayramov, Hakan Fidan və İlia Darçiaşvili arasında
9-cu üçtərəfli görüş keçirilib.
Trend xəbər verir ki, görüşün
əvvəlində Ceyhun Bayramov giriş nitqində müzakirə ediləcək
məsələlər barədə danışıb.
Onun sözlərinə görə, tərəflər üçtərəfli regional əməkdaşlıq,
regionda və dünyada baş verən və qarşılıqlı maraq doğuran məsələlər
üzrə fikir mübadiləsi aparacaqlar, növbəti görüşün keçiriləcəyi
yeri müəyyən edəcəklər və Bakı bəyannaməsini qəbul edəcəklər.
“Bizim əməkdaşlığımız regionda təhlükəsizliyin cə sabitliyin
təmin edilməsi baxımından böyük rol oynayır. Azərbaycan, Gürcüstan
və Türkiyə etibarlı tərəfdaşlardırlar. Bundan əlavə, son illərdə
regionda baş verən tarixi dəyişikliklər Azərbaycanın beynəlxalq
səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməsinin nəticəsidir”, –
deyə nazir bildirib.
Nazir qeyd edib ki, regiondakı yeni reallıq regionun bütün
potensialının istifadə edilməsi baxımından yeni perspektivlər vəd
edir.
Nazirin çıxışından sonra görüş mətbuata qapalı şəkildə davam
edib.





























