Bakı. Trend:
“Qazaxın dörd kəndinin geri qaytarılması dövlətimizin, onun
lideri Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin
davamıdır. Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və
Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması dövlətimizin 44
günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin diplomatik
müstəvidə davamı deməkdir. Bir güllə belə atılmadan dörd kəndin
azad edilməsi faktı növbəti dəfə sübut etdi ki, ölkəmiz hərbi
müstəvidə olduğu kimi, diplomatiyada da güclüdür və öz istəyini
diktə edə bilir”.
Bu fikirləri Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil
Xəlilov bildirib. Polkovnik baş verənlərin dövlətimizin diplomatik
qüdrətinin təntənəsi olduğunu vurğulayaraq bildirib:
“Unutmaq olmaz ki, bu gün erməni kilsəsi və Ermənistan
daxilindəki revanşist qüvvələr, habelə xaricdəki erməni diasporu
Azərbaycanla Ermənistan arasında istənilən razılaşmanın əldə
edilməsinə qarşıdır. Onlar Azərbaycanın tarixi torpaqlarının
ölkəmizə qaytarılması reallığı ilə barışmaq istəmirlər. Buna görə
də rəsmi İrəvanın ünvanına ciddi ittihamlar səsləndirirlər. Məhz
belə bir mürəkkəb situasiyada rəsmi Bakının milli maraqlarımızın
müdafiəsi istiqamətində bu cür mühüm razılaşma əldə etməsi ikiqat
uğur hesab olunur.

Bu uğuru özünəməxsus edən mühüm amillərdən biri də məlum
razılaşmanın heç bir vasitəçinin iştirakı olmadan əldə edilməsidir.
Məlumdur ki, dörd kəndin geri qaytarılması və bu kəndlərlə bağlı
delimitasiya prosesinin yekunlaşması heç bir vasitəçinin iştirakı
olmadan Azərbaycanla Ermənistanın işçi qrupları arasında əldə
edilmiş razılaşmaya əsasən baş tutub. Bu isə bir daha vasitəçisiz
danışıqların daha uğurlu və effektiv olduğunun göstəricisidir.
Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycanın
vasitəçiyə ehtiyac duymadığını, bu şəkildə baş tutan danışıqların
daha səmərəli olduğunu bəyan edib”.
Cəlil Xəlilov, həmçinin bu razılaşmaların Azərbaycanla
Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsi üçün də
əlverişli zəmin formalaşdırdığını da qeyd edib.
“Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin
delimitasiyası ilə bağlı əldə edilən razılaşmalar Azərbaycanla
Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli
zəmin yaradır. Rəsmi İrəvan sərhədlərin delimitasiyası və
Azərbaycanın sülh səylərinin dəstəklənməsi siyasətindən imtina
etməzsə, qısa zamanda iki dövlət arasında növbəti uğurlu
razılaşmaların əldə edilməsinin şahidi olacağıq”, – deyə polkovnik
vurğulayıb.





























