Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə
şəhərində yerləşən mənzil qərargahında mayın 27-dən iyunun 1-dək
Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası keçiriləcək.
Trend-in məlumatına görə, Ümumdünya Səhiyyə Assambleyası
sessiyada 2025-2028-ci illər üçün iş proqramının layihəsini, vərəm
və poliomielit xəstəliyinin aradan qaldırılması strategiyasını,
diqqətdən kənarda qalan tropik xəstəliklərlə mübarizə üzrə yol
xəritəsini və iqlim dəyişikliyi şəraitində sağlamlığın qorunması
üçün tədbirləri müzakirə edəcək.
ÜST-ün əsas illik forumuna dəvət olunmuş 194 dövlətin
nümayəndələrinin diqqəti, həmçinin pandemiyanın qarşısının
alınmasına dair saziş üzrə 2021-ci ildən davam edən işlərə
yönələcək.
ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus sessiya
ərəfəsində bildirib ki, təşkilat üzvləri 7 milyondan çox insanın
həyatına son qoyan COVID-19 epidemiyasının yaratdığı çağırışlara
cavab vermək üçün çox böyük səylər göstərib. Koronavirus
pandemiyası hər kəsə təsir etdi, buna görə də ÜST-ə üzv ölkələr
dünyanın növbəti pandemiyaya daha yaxşı hazır olmasına yönəlmiş
sazişin hazırlanması prosesinə başladılar.





























