
Bakı. Trend:
25 may tarixində 28 May – Müstəqillik Günü ilə bağlı keçirilən
tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikası Milli
Məclisinin deputatı Rauf Əliyev, Sankt-Peterburqun qubernatoru
Aleksandr Beqlov, Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy
Qriqoryev, Qanunvericilik Məclisinin deputatı Andrey Aleskerov, MDB
Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini,
Milli Məclisin Rusiyadakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov,
RF Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin
rəhbəri, politoloq – Müasir Dövlət İnkişafı İnstitutunun direktoru
Dmitri Solonnikov iştirak ediblər.
Eyni zamanda, tədbirdə Bolqarıstan, Yunanıstan, Qazaxıstan,
Özbəkistan, Çin, Tacikistan, İsrail, Türkiyə, Macarıstan, Yaponiya,
İsveçrə, İspaniya, AImaniya və Belarusun Sankt-Peterburqda
akkreditə olunan Baş konsulluqların rəhbərləri, yerli ictimaiyyətin
nümayəndələri, mədəniyyət xadimləri, Sankt-Peterburq
Universitetlərinin rektorları və professor heyəti, Azərbaycan
diasporunun rəhbərləri və fəalları iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının və Rusiya
Federasiyasının dövlət himnləri səslənib. Baş konsul Sultan Qasımov
qonaqları salamlayaraq, dövlət bayramı münasibəti ilə keçirilən
tədbirə gəldiklərinə görə qonaqlara təşəkkürünü bildirib.
Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək Ulu Öndər
Heydər Əliyevin uğurlu həyat yolu və müstəqil Azərbaycan
mövzusundan danışaraq bildirmişdir ki; Müasir Azərbaycan tarixinin
30 ildən artıq bir dövründə Azərbaycana rəhbərlik etmiş Ulu Öndər
Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki,
onun öyrənilməsinə, təbliğinə,tətbiqinə və araşdırılmasına hələ
uzun illər böyük ehtiyac olacaqdır. Ulu Öndər Heydər Əliyevin
müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək
qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilə qədər
davam edən zaman kəsiyi “Heydər Əliyev dövrü” kimi
səciyyələndirilir. Ulu Öndər Heydər Əliyev də Azərbaycan Xalq
Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi
dəyərləndirib və bunu obyektiv olaraq əsaslandırıb: “1918-ci ildə
Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz
müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla
da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət
yarandı. Xalq Cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə
çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın
müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu.
İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin
dövrdə yarandı”. Dünyada nüfuzlu siyasi xadim kimi tanınmış
Ümummilli Lider Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng bir
dövlətin rəhbərlərindən biri olmaqla öz fitri istedadı, şəxsi
nüfuzu ilə hər zaman fərqləndiyini bildirərək 28 May – Müstəqillik
Günü ilə bağlı təbriklərini tədbir iştirakçılarına çatdırdı.
Çıxışı zamanı Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov
Rusiya-Azərbaycan dövlətləri arasında olan dostluq, qardaşlıq
münasibətlərini yüksək qiymətləndirərək ölkələrimizin bir-birinə
olan etimadını qeyd etdi və 28 May – Müstəqillik Günü münasibətilə
öz təbriklərini çatdırdı.
Sankt-Peterburqun Qanunvericilik Məclisinin deputatı Andrey
Aleskerovda çıxış edərək öz təbriklərini və ölkələrimiz arasında
olan münasibətləri yüksək qiymətləndirdi.
Tədbirin davamında Leninqrad vilayətinin qubernatoru Aleksandr
Drozdenko və Sankt-Peterburq Qanunvericilik Məclisi sədri Aleksandr
Belskinin adından 28 May – Müstəqillik Günü münasibətilə
ünvanlanmış təbrik məktubları oxunularaq Baş konsul Sultan Qasımova
təqdim edildi.





























