
Bakı. Trend:
Avropa İnvestisiya Bankı (EIB) COP29-un uğurlu nəticəsinə səbəb
olmaq üçün tədbirin hazırlığında iştirak edir.
Bu barədə Trend-ə özəl müsahibəsində EIB-in vitse-prezidenti
Tereza Çervinska deyib.
“EIB Avropa İttifaqının (Aİ) İqlim bankı olaraq, “yaşıl” enerji
və “yaşıl” nəqliyyat kimi iqlim dəyişmələrinin nəticələrini
yüngülləşdirmək üzrə layihələri, eləcə də, iqlim dəyişmələrinə
adaptasiya layihələrini dəstəkləməklə iqlim maliyyələşdirməsinin ən
böyük təchizatçılarından biridir.
Bir qrup çoxtərəfli inkişaf bankı ilə birlikdə 2024-cü ilin
noyabrında bu iqlim sammitinin uğurlu nəticələrinə töhfə vermək
üçün COP29-un hazırlığında iştirak edirik. Bu aspektlər bu ilin
aprelində Vaşinqtonda EIB prezidenti Nadia Kalvinyo və COP29-un
prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar
Babayev tərəfindən müzakirə olunub”, – deyə o bildirib.
T.Çervinska EIB-in gənc sahibkarlara, biznesdəki qadınlara və
kənd bölgələrinə xüsusi diqqət yetirməklə İqtisadi İnvestisiya
Planının mikro, kiçik və orta biznes (MKOB) müəssisələrinə çıxış
imkanının yaxşılaşdırılması kimi flaqman təşəbbüslər irəli sürməyə
çalışdığını qeyd edib.
“Cənubi Qafqazda MKOB ilə iş üzrə təşəbbüsümüz regionda 26500-ə
yaxın iş yeri açmağa və dəstəkləməyə kömək göstərməklə, özəl
sektorun stimullaşdırdığı iqtisadi artıma imkan yaradacaq. Bu
təşəbbüs çərçivəsində bu yaxında Bank Respublika ilə əlverişli
kredit şərtləri, o cümlədən, uzunmüddətli maliyyələşdirmə ilə
MKOB-un maliyyələşdirilməsi üçün 10 milyon avro dəyərində kredit
sazişi imzaladıq”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, EIB Global maliyyələşdirmə ilə yanaşı,
layihələrin hazırlığı və reallaşdırılması üçün konsultativ dəstək
və texniki yardım göstərir.
“Hazırda Orta Dəhlizdə Trans-Avropa Nəqliyyat Şəbəkəsinin
(TEN-T) mühüm halqası olan Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində
həmsəviyyəli keçidlərdə təhlükəsizliyin artırılması üzrə
konsultasiya dəstəyi göstəririk. Bu dəstək “Azərbaycan Dəmir
Yolları” QSC-yə tədbirlərin təhlili və prioritetləşdirilməsində,
eləcə də, müvafiq layihə tədqiqatlarının həcminin müəyyən
edilməsində kömək edir.
EIB bu dəstəyi Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları
(EPIC) proqramı çərçivəsində təmin edir. Aİ tərəfindən
maliyyələşdirilən və “JASPERS” konsultasiya proqramımız tərəfindən
idarə olunan EPIC Şərq Tərəfdaşlığı ölkələrinə nəqliyyat
əlaqələrini yaxşılaşdırmaq üçün pulsuz konsultasiya dəstəyi və
texniki yardım təklif edir”, – deyə Çervinska əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)



























