
Bakı. Trend:
IFC İnes Roçanı Avropa üzrə Regional Direktor təyin edib.
Vyanadakı ofisimizdən işə başlayan xanım İnes Roç yaşıl
inkişafın, rəqəmsal texnologiyanın və maliyyə inklüzivliyinin
gücləndirilməsinə diqqət yetirməklə, Mərkəzi və Şərqi Avropada özəl
sektor investisiyalarının artırılmasında və iş yerlərinin
yaradılmasında əsas rol oynayacaq və Rusiyanın Ukraynaya təcavüzünə
IFC-nin cavab tədbirlərinə rəhbərlik edəcək. O, həmçinin inkişaf
etməkdə olan bazarlarda dayanıqlı iqtisadi artımı dəstəkləmək üçün
kapital və bilikləri səfərbər etmək məqsədilə IFC-nin Qərbi
Avropada biznesin inkişafı səylərinə rəhbərlik həyata
keçirəcək.
Portuqaliya və Böyük Britaniya vətəndaşı olan İnes Roça, son
illərdə Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) inkişaf
maliyyəsi sahəsində 20 ildən çox təcrübəyə malikdir. Onun buradakı
rollarına Avropa Birliyi banklarını və strukturlaşdırılmış
maliyyəni əhatə edən maliyyə institutları, Mərkəzi və Şərqi
Avropada kiçik biznesləri dəstəkləmək daxil idi.
Son vaxtlaradək xanım Roça Təsir və Tərəfdaşlıqlar şöbəsinin
rəhbəri olaraq, AYİB-in Ukraynadakı böhrana cavab tədbirlərinə
rəhbərliyi çərçivəsində əsas səhmdarlar və donorlardan Ukrayna
iqtisadiyyatı və özəl sektoru üçün rekord miqdarda dəstəyi səfərbər
etmişdir. Bu vəzifədə o, Dünya Bankı, Çoxtərəfli İnvestisiya
Zəmanəti Agentliyi (MIGA) və IFC də daxil olmaqla, inkişaf maliyyə
institutları və çoxtərəfli inkişaf bankları ilə sıx əməkdaşlıq
edib. Daha əvvəl isə o, UBS İnvestisiya Bankında və Portuqaliya
Mərkəzi Bankında işləyib.
IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə
vitse-prezidenti Alfonso Qarsia Mora qeyd edib:
“İnesin geniş təcrübəsi bu rol üçün müstəsna dərəcədə uyğundur.
Əminəm ki, o, yaşıl, dayanıqlı və inklüziv inkişafı sürətləndirməyə
və Qərbi Avropadan inkişaf etməkdə olan bazarlara daha çox
sərmayəni səfərbər etməyə kömək edərək, IFC-nin proqramını daha da
yüksək nəticələrə yönəldə biləcək”.
Region üzrə Direktor qismində xanım Roça diqqətini Qərb, Mərkəzi
və Şərqi Avropa ölkə ofislərində IFC-nin regional qruplarına
rəhbərlik etməyə və əsas müştəri, hökumət və maraqlı tərəflərlə
əlaqələrin idarə edilməsinə yönəldəcək. O, həmçinin IFC-nin
regionda strategiyasının həyata keçirilməsini formalaşdıracaq və
istiqamətləndirəcək, Dünya Bankı və MIGA ilə sıx əməkdaşlıq,
biznesin inkişafına rəhbərlik və IFC-nin sektorlar üzrə
əməliyyatlarına nəzarət edəcək.
İnes Roça London İqtisadiyyat Məktəbində İqtisadiyyat üzrə
magistr dərəcəsinə malikdir.
IFC haqqında
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun üzvü
və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun artımını
hədəfləyən ən iri inkişaf təşkilatıdır. Biz 100-dən çox ölkədə
işləyir, kapital, təcrübə və təsirimizdən yararlanaraq inkişafda
olan ölkələrdə yeni bazarlar və imkanlar yaradırıq. 2023-cü maliyyə
ilində inkişafda olan ölkələrdəki özəl şirkətlərə və maliyyə
müəssisələrinə 43.7 milyard ABŞ dolları məbləğində rekord həcmdə
maliyyə ayıraraq, əlaqəli və bir-birini dərinləşdirən qlobal
böhranlar müqabilində IFC özəl sektorun üstünlüklərinə arxalanaraq
ifrat yoxsulluğu aradan qaldırmağa və müştərək rifahı artırmağa
kömək edir. Daha ətraflı məlumat üçün internet saytımızla tanış
olun: www.ifc.org.



























