Advertisement

Yeni Bakı-Gəncə-Bakı avtobus reysinin qrafiki məlum olub

Bakı. Trend:

Bakı – Gəncə – Bakı istiqaməti üzrə müasir və komfortlu
avtobuslar sərnişinlərin istifadəsinə verilib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
məlumat verilib.

Bildirilib ki, marşrutların təhkim edilməsində şəffaflığın təmin
edilməsi məqsədilə Bakı – Gəncə – Bakı şəhərlərarası marşrut xətti
müsabiqəyə çıxarılıb. Nəticələrə uyğun olaraq 2 şirkət müsabiqədə
qalib gəlib.

Belə ki, 27 maydan etibarən sərnişinlərin daha rahat və
təhlükəsiz daşınması üçün Gəncəyə səfərlər “Neoplan” və “Man”
markalı avtobuslarla həyata keçiriləcək. Bununla da uzun müddətdən
sonra ilk dəfə olaraq şəhərlərarası daşımalarda tam yeni avtobuslar
istismara verilir.

Məlumat üçün bildirək ki, “Man” markalı avtobuslar tam yenidir
və 2024-cü il istehsalıdır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal
Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə
Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola
düşəcək.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən
avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının
təmin olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika
üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus
marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə
balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar
qalib gələrək xətlərin istismarını həyata keçirirlər.

Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,
təhlükəsizliyi və rahatlığının artırılmasıdır.