Advertisement

Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev İnkişaf etməkdə olan kiçik
ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən
olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına
müraciət edib.

Trend xəbər verir ki, müraciətdə deyilir:

“Xanımlar və cənablar,

Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə
həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını
müdafiə edib.

Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə biz
Hərəkatın gündəliyini irəli aparmaq üçün səylərimizi əsirgəmədik.
Qoşulmama Hərəkatının institusional inkişafına, Hərəkatın
birliyinin möhkəmləndirilməsinə və nüfuzunun artırılmasına xüsusi
diqqət yetirildi.

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təşkilatın bütün üzv
dövlətlərinin, o cümlədən İnkişaf etməkdə olan kiçik ada
dövlətlərinin ehtiyaclarını və narahatlıqlarını daha yaxşı anlamaq
üçün imkan yaratdı.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19
pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və
bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi
təşəbbüsü ilə çıxış edib. Azərbaycan peyvənd millətçiliyinə qarşı
çıxış edərək bütün ölkələr üçün vaksinlərə ədalətli və universal
əlçatanlığı təşviq edib.

Pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o
cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə
maliyyə və humanitar yardım göstərib.

Keçən ilin mart ayında Qoşulmama Hərəkatının sədri kimi mən
İnkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı
bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan etdim. Bu
çağırışla mən beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi
nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik
ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək
göstərməyə dəvət etdim. Azərbaycan bu çağırışa vəsait ayıran ilk
ölkə olub.

Xanımlar və cənablar,

Azərbaycan bu il COP29-a ev sahibliyi etmək şərəfinə nail olub.
Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı namizədliyinin
yekdilliklə dəstəklənməsi beynəlxalq ictimaiyyətin Azərbaycana olan
hörmət və etimadını əks etdirir.

İqlim dəyişikliyi bütün qitələrdəki hər bir ölkəyə təsir edir.
İqlim dəyişikliyinin Azərbaycana da mənfi təsiri vardır.
Çaylarımızın suyu azalır, Xəzər dənizinin səviyyəsi aşağı
düşür.

Bununla belə, İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim
dəyişikliyinin təsirlərinə daha həssasdır. İqlim dəyişikliyinə heç
bir təsiri olmayan bu ölkələr onun ən pis fəsadlarına məruz qalır,
hətta ekzistensial təhlükə ilə üzləşirlər. İqlim dəyişikliyi
onların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində
irəliləyişinə də mane olur.

COP29-a sədrliyimiz zamanı iqlim dəyişikliyinin İnkişaf etməkdə
olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli
prioritetlərimiz arasında olacaq. Biz Bakıda keçiriləcək COP zamanı
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını
keçirməyi planlaşdırırıq.

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək
və aydın eşidilməsini təmin etmək üçün əlimizdən gələni
edəcəyik.

Mən COP29 zamanı bütün ölkələri İnkişaf etməkdə olan kiçik ada
dövlətlərinin ehtiyaclarına və prioritetlərinə cavab verən
razılaşma əldə etmək üçün maksimum səy göstərməyə çağırıram.

Azərbaycan öz növbəsində artıq bir sıra İnkişaf etməkdə olan
kiçik ada dövlətlərində qasırğaların, zəlzələlərin, daşqınların və
digər təbii fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılmasına
öz dəstəyini göstərməkdədir. Biz bu ölkələrə yardım etmək üçün
əməli addımlar atmağa davam edəcəyik. Azərbaycan 33 İnkişaf etməkdə
olan kiçik ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o
cümlədən digər beynəlxalq qurumlar vasitəsilə texniki yardım
proqramları üçün vəsait ayıracaq.

Biz, həmçinin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin
vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün
təqaüd imkanlarını genişləndirəcəyik. İndiyədək 10-dan çox İnkişaf
etməkdə olan kiçik ada dövləti Azərbaycanın İslam Əməkdaşlıq
Təşkilatı və Qoşulmama Hərəkatının Üzv Dövlətləri üçün təqdim
etdiyi Təhsil Qrant Proqramlarından faydalanıb.

Azərbaycan, həmçinin COP29-da İnkişaf etməkdə olan kiçik ada
dövlətlərinin iştirakına dəstək verəcək.

Xanımlar və cənablar,

Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq”
şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə
bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas
etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə
çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi
çoxtərəflilik lazımdır.

Mən bu ilin noyabrında Bakıda keçiriləcək COP29-da İnkişaf
etməkdə olan kiçik ada dövlətlərinin dövlət və hökumət başçılarının
dəyərli iştirakını arzulayır və İnkişaf etməkdə olan kiçik ada
dövlətləri üzrə 4-cü Beynəlxalq Konfransa uğurlar arzulayıram.

Sağ olun”.