
Ağdam. Trend:
İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində
mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Respublikası
Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Hasil Eldar oğlu
Yusubov Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xəstəxananın şöbə müdiri Nofəl Zeynalov Trend-in bölgə müxbirinə
bildirib ki, 1997-ci il təvəllüdlü xəstəyə sol baldırın aşağı
üçdəbirinin travmatik amputasiyası diaqnozu qoyulub. Xəstəyə ilkin
müdaxilələr olunub, yara qanaxması dayandırılıb və Bərdə Rayon
Mərkəzi Xəstəxanasına göndərilib.
Qeyd edək ki, Ağdamda ANAMA əməkdaşının minaya düşərək xəsarət
alması faktı ilə bağlı araşdırma aparılır. Prokurorluq əməkdaşları
tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual
hərəkətlər icra olunub.





























