
Bakı. Trend:
Azərbaycan ordusu öz ərazilərini işğaldan azad etməyə
başladıqdan sonra Makron Fransasının iç üzü bilinməyə başladı. Belə
ki, əvvəlcə ölkəmizə ultimatumlar göndərildi. Nəticəsiz qaldığını
görən Fransa məsələni BMT TŞ-na dəfələrlə çıxardı. Təhlükəsizlik
Şurasının digər üzvləri Makronun gündəliyə Azərbaycana qarşı
çıxartdığı sənədləri qəbul etmədi. Çünki Azərbaycan beynəlxalq
normaları çərçivəsində hərəkət edirdi.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, sonra da Fransa Avropa İttifaqında Azərbaycana
qarşı sanksiyaları tətbiq etmək üçün qətnamənin qəbul olunmasına
çalışdı.
“Makronun bu istəkləri də iflasa uğrandı. Nəhayət bütün cəhdləri
nəticəsiz qalan Makron əvvəlcə Fransanın Parlamentində, sonra da
AŞPA və Avropa Parlamentində Azərbaycana qarşı sənədlər qəbul
etdirə bildi. Təbii ki, onların qəbul etdiyi sənədlər dəyərsiz bir
kağız parçası olduğunu bəyan etdik.
Fransa isə ermənidən çox ermənilik edir və Azərbaycanın Zəfərini
heç cürə həzm edə bilmir. Əslində Azərbaycan burda qeyri-adi heç
bir iş görməyib. Biz sadəcə öz ərazilərimizi işğaldan azad etmişik.
Avropada liderlik etməyə çalışan Makron Ukraynanın ərazi
bütövlüyünü müdafiə etmək üçün Qərbi yardımlar göndərməyə və quru
qüvvələrin göndərilməsinə çalışır. Amma Azərbaycanı isə öz
ərazilərində suverənliyi bərpa etdiyinə görə ittiham edir. Bu, bir
daha Makron hakimiyyətinin neokolonist və işğalçılıq siyasətinə
davam etdiyini göstərir”, – deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycana təzyiq göstərməyinə heç cür gücü
çatmayan Fransa son çıxış yolu kimi Azərbaycanın şəhərlərindən biri
ilə qardaşlaşmış Evian şəhərində yerləşən Azərbaycanın şairi
Natəvanın heykəlinə qarşı vandalizm hərəkətklərini etdi.
“Hətta heykəl rənglərlə bulaşdırılmış halda parçaya bükülərək
uzun müddət saxlanıldı. Bu, Fransanın Ermənistandan heç də fərqli
olmadığını göstərir. Çünki Ermənistan Şuşanı işğal edəndə Şuşadakı
mədəniyyət klasssiklərimizin büstlərini gülləbaran etmiş, sonra da
İrəvana aparıb əritmək istəyirdi. Eyni hərəkətləri Natəvanın
həykəlinə qarşı Fransada təkrarlanması onların hər ikisinin də
mahiyyətinin eyni olduğunun sübutudur”, – deyə A.Badamov
vurğulayıb.
Onun sözlərinə görə, Makron Ukraynaya öz ərazilərini azad etmək
üçün silah verdiyi halda, Ermənistana isə Azərbaycan ərazilərini
yenidən işğal etmək üçün silah verir.
“Makron hakimiyyəti bu hərəkətləri ilə həm özünü ifşa edir, həm
də Fransanın ləkəli tarixini təkaralamağa çalışır. Amma Makron
bilməlidir ki, 44 gündə torpaqlarını işğaldan azad edən və 23
saatda minlərlə erməni hərbiçilərini təslim edərək torpaqlarında
suverənliyi bərpa etmiş Azərbaycan ordusu bundan sonra da öz
ərazilərinin bütövlüyünü bütün düşmənlərdən qorumaq
iqtidarındadır.
Makron Ermənistana hərbi dəstək göstərməklə sadəcə regiona
sülhün gəlməsinə zərbə vurur. Amma beynəlxalq güclərin hərbi
poliqona çevrilərək məhv olunan Ermənistan olacaqdır. Çünki
Ermənistan heç vaxt özünü müdafiə edə bilməyib və bundan sonra da
beynəlxalq güclərin ayaqları altında qalacağı qaçılmaz görünür”, –
deyə deputat əlavə edib.





























