Advertisement

Fransız Polineziyasının nümayəndə heyəti Azərbaycana gəlib (FOTO)

Bakı. Trend:

Bu gün Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə)
Parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin
hakim “Tavını” partiyasının rəhbər heyətinin Azərbaycana səfəri
başlayıb.

Trend xəbər verir ki, dörd günlük səfərin məqsədi Azərbaycan və
Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi,
humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə
əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir.

Bu xüsusda, Milli Məclis, eləcə də, digər dövlət və özəl
qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində, həmçinin, Milli Məclisdə “Fransız
Polineziyasının Dekolonizasiya Hüququ: Çağırışlar və Perspektivlər”
mövzusuna konfrans təşkil olunacaq.

Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə
kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində
fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş
tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində
BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş:
assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata
keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və
Tavini partiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin
müddəalarına uyğun olaraq təşkil olunur.

Qeyd edək ki, “Tavını” partiyası uzun illərdir ki, Fransız
Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik
qazanması uğrunda mübarizə aparır.