Advertisement

Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edib

Bakı. Trend:

Baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə
general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə
heyəti Rusiya Baş prokurorunun müavini – Baş hərbi prokuroru, I
dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə
Rusiyaya səfər edib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildirilib ki,
nümayəndə heyəti Rusiyanın Baş Hərbi Prokurorluğunda bir sıra
tədbirlərdə iştirak edib. Baş hərbi prokuror V.G.Petrov və digər
rəhbər vəzifəli şəxslərin iştirakı ilə dəyirmi masa ətrafında
keçirilmiş görüşdə o ölkələrimiz arasında olan yaxın dostluq
münasibətlərindən və bu əlaqələrin yüksələn xətlə inkişafından, o
cümlədən hər iki dövlətin Hərbi prokurorluqları arasındakı sıx
əməkdaşlığın mühüm əhəmiyyət kəsb etməsindən, daha da
dərinləşməsindən danışıb.

Dəvətə görə Baş hərbi prokuror V.G.Petrova minnətdarlığını ifadə
edən ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlətlərimiz
arasındakı doğma münasibətlərin yaranmasında Ulu Öndər Heydər
Əliyevin müstəsna xidmətlərini qeyd edib. Xanlar Vəliyev dövlət
başçılarının hazırda səmimi münasibətləri uğurla davam
etdirdiklərini, xalqlarımız arasındakı bağlılığı vurğulayıb.

Bildirib ki, hər iki hərbi prokurorluq arasındakı əməkdaşlıq
V.G.Petrovun təşəbbüsü ilə Azərbaycan Hərbi Prokurorluğunun
nümayəndə heyətinin 2018-ci ildə Rusiyaya səfərindən sonra
başlayıb, qarşı tərəfin nümayəndə heyətinin 2019-cu ildə
Azərbaycana səfəri ilə davam edib və hazırda daha da
möhkəmlənib.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin bildirib ki,
Ümummilli Liderin müdrik siyasətini müasir müstəvidə davam etdirən
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ən yeni tarixi
uğurlarla səciyyələnib, onun qətiyyəti, Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın dəstəyi, xalqın əzmkarlığı, Silahlı
Qüvvələrimizin qüdrəti və hərbçilərimizin qəhrəmanlığı sayəsində 30
ilə yaxın işğal altında qalmış dədə-baba torpaqlarımız 44 günlük
Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində azad
edilib. Bir sutkadan az müddətdə davam edən lokal xarakterli
antiterror tədbirləri nəticəsində tarixi ərazilərimiz erməni
işğalçılarından təmizlənib və ərazi bütövlüyümüz bərpa olunub.
Hazırda erməni vandalizminə məruz qalmış ərazilərdə dövlətimizin
başçısının və birinci xanımın şəxsi nəzarətləri ilə
abadlıq-quruculuq işləri həyata keçirilir.

Hərbi prokuror Xanlar Vəliyev Rusiya sülhməramlılarının səmərəli
fəaliyyətindən də söz açıb. Ardınca tərəflər arasında hər iki
ölkənin qanunvericiliyi, onun icra vəziyyəti, təkmilləşdirilməsi,
habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, eləcə də digər
cinayətlərin istintaq taktikası, ibtidai araşdırma prosesində
ortaya çıxan problemlər, onların həlli yollar ilə bağlı müzakirələr
aparılıb. Həmçinin bu qəbildən olan cinayətlərə qarşı mübarizə üzrə
qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər məsələlərlə
bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Rusiyanın Müdafiə
Nazirliyinin Knyaz Aleksandr Nevski adına Hərbi Universitetinə
gedərək, təhsil müəssisəsinin “prokuror-müstəntiq”,
“maliyyə-iqtisad fakültələrində, “Kriminalistika” və digər
kafedralarda təlim-tədris prosesinin gedişi ilə yaxından tanış
olublar. Eyni zamanda, nümayəndə heyətinə müasir kriminalistik
avadanlıqlar nümayiş etdirilib və məhkəmə-tibbi ekspertizası
sahəsində qazanılmış nailiyyətlər barədə ətraflı məlumat verilib.
Bundan əlavə, azərbaycanlı kursantlarla görüşüb, onların təhsil,
məişət şəraitləri, qayğı və problemləri ilə maraqlanılıb. Bundan
başqa, Rusiya Silahlı Qüvvələrinin Baş Məbədi və “Yaddaş yolu”
muzey kompleksi ziyarət olunaraq, Böyük Vətən müharibəsində həlak
olan hərbi qulluqçularımızın əziz və unudulmaz xatirələri
anılıb.

Bundan sonra nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan
Respublikasına yola düşüb.