
Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı
şəhərinin küçə və prospektlərində hərəkətin yenidən təşkili üzrə
layihələrin icrası davam etdirilir.
AYNA-dan Trend-ə verilən
məlumata görə, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac
hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində nəzərdə
tutulan 7 layihədən ikincisinin
icrasına başlanılıb.
Budəfəki dəyişiklik Xəlil Rza Ulutürk küçəsi ilə Ziya Bünyadov
prospektinin kəsişməsini əhatə edir.
Hazırda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə
nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu”
stansiyasının yaxınlığında yerləşən Nəqliyyat Mübadilə Mərkəzindən
şəhərin bir çox istiqamətinə sərnişinlərin daşınması həyata
keçirilir.
Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara Qarayev
prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobusları
Heydər Əliyev prospektindən istifadə edib, “Atletlər kəndi” boyunca
dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirlər. Mövcud
şəraitdə bu istiqamətdə hərəkət edən 31 xətt üzrə 300-dən çox
marşrut avtobusu Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza
Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1800 metrdən
çox məsafə qət edir.
AYNA tərəfindən ərazidə yol infrastrukturu və nəqliyyat axını
təhlil edilib. Təklif layihəsi hazırlanaraq Nəqliyyatı
Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada
razılaşdırılıb.
Yeni layihədə Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən
müntəzəm marşrut avtobuslarının birbaşa Xəlil Rza Ulutürk
küçəsindən istifadə edib Ziya Bünyadov prospekti ilə kəsişmədə
yerləşən yolötürücünün üstündən geriyə dönərək, Aeroport şosesi,
Qara Qarayev və Zabrat yoluna istiqamətlənməsi nəzərdə tutulur.
Nəticədə Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara
Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut
avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə
kimi azalacaq.
Bununla da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza
Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi məsafədə
marşrut avtobuslarının izafi yürüş məsafəsi 2,0 (48%) dəfə
qısalacaq, 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə kimi
düşəcək. Bununla yanaşı, yürüşdən istifadə əmsalı 46% artmaqla,
hərəkət tərkibinin texniki sürəti də 1,4 dəfə artacaq. Müvafiq
olaraq, sözügedən istiqamət üzrə 31 xətt üzrə 300-dən çox marşrutun
fəaliyyətdə olduğunu nəzərə alaraq, əlavə yanacaq sərfiyyatı və
karbon emissiyası böyük miqyasda azalacaq.
Həmçinin Heydər Əliyev prospektinin kənar yolundakı hərəkət
sxemi layihə üzrə dəyişdirildikdə prospektin sözügedən hissəsində
yaranan sıxlıq halları da azalacaq.
Həyata keçiriləcək dəyişikliklər müntəzəm marşrut avtobuslarının
hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına,
sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin
artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə
yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradacaq.





























