
Bakı. Trend:
İtaliya Senatında “Azərbaycan- İtaliya- Aİ münasibətləri”nə həsr
olunmuş tədbir baş tutub.
Trend xəbər verir ki, mayın
29-da Bakı Politoloqlar Klubunun təşkilatçılığı, Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzinin və İtaliyanın məşhur “İSİA” beyin
mərkəzinin tərəfdaşlıqları ilə Roma şəhərində Senatda “Azərbaycan,
İtaliya, Aİ: ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi”
mövzusunda Forum keçirilib.
Forumun əsas məqsədi Azərbaycan – İtaliya əməkdaşlığının daha da
inkişafı, Azərbaycanın yeni enerji siyasətinin təqdimatı və bölgədə
ölkəmizin imkanlarının göstərilməsi idi. Tədbir Senatın saytında
canlı yayımlanıb.
60 dan çox qonağın, onlar arasında deputatların, politoloqların,
iqtisadçıların, imvestorların, xarici ölkələrin Romadakı
diplomatlarının iştirak etdiyi görüşdə, giriş sözü ilə çıxış edən
İSİA prezidenti Mario Morgoni, Deputatlar Palatasının Əmək Sahələri
Komissiyasının Katibi – Luca Squeri, BPK rəhbəri Zaur Məmmədov və
BMTM – nin rəhbəri Fərid Şəfiyev tədbirin aktuallığına toxunaraq
forumun məhsuldar keçəcəyinə əmin olduqlarını qeyd ediblər.
Daha sonra tədbirdə AZPROMO sədrinin müşaviri Sevil Yahyayeva,
BMTM şöbə müdiri Cavid Vəliyev, baş məsləhətçi Şahmar Hacıyev,
İtalya Asia İnstitutunun Baş Katibi Domeniko Palmieri, ISIA və
Siena Universitetinin Coğrafiya Analitiki Fabio İndeo, ARTE Energy
Reseller and Trader Assosiasiyasının prezident Marco Ferraresi,
İSİA- nın vitse – prezidenti Sergio Divina çıxışlar etmişlər. Onlar
yaşıl enerji və ənənəvi enerji, kommunikasiya – nəqliyyat,
investisiyalar kimi mövzular üzrə təqdimatlar ilə çıxışlar
etmişlər. İtaliyalı müttəxəssislər Azərbaycanın rəsmi Roma və Aİ –
üçün etibarlı tərəfdaş olduğunu, COP- 29 un ölkəmizdə
keçirilməsinin rəsmi Bakının beynəlxalq arenada nüfuzunun
göstəricisi olduğunu qeyd etmişlər. Tədbirdən sonra italiyalı
investorlar Azərbaycanda təkcə enerji deyil, eyni zamanda
iqtisadiyyatın digər növlərində də maraqlı olduqlarını bildirərək,
yaxın vaxtlarda ölkəmizə səfər edəcəklərini qeyd etmişlər.
Sonda, BPK və İSİA, BMTM və İSİA arasında memorandum
imzalanıb.
Xatırladaq ki, QHT Agentliyinin dəstəyi ilə həyata
keçirilir.





























