
Bakı. Trend:
“Qarabağ” Avropa Liqasını başıuca tərk etdi”.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu “İdman Bizdə” verilişinin qonağı
olan “Qarabağ”ın sabiq futbolçusu Təbriz Həsənov deyib.
57 yaşlı mütəxəssis “Qarabağ”ın bu mövsüm Avropa Liqasında
çıxışını şərh edib. O bildirib ki, Azərbaycan çempionun inamlı
oyunu ölkə futboluna böyük təkan verəcək: “Digər komandalar da
artıq düşünəcəklər. Futbolumuzda da yeni dönəm başlayacaq. AFFA-ya
gələcək yeni prezidentin öz planları olacaq. Mənə elə gəlir ki,
“Qarabağ”a yaxınlaşmaq istəyən, onların yolunu getmək istəyən daha
2-3 klubumuz olacaq. Bunu etmək lazımdır. Ağdam klubu bunu
bacarırsa, digərləri də edə bilərlər. Klublarımızın büdcələri
arasında elə də böyük fərq yoxdur. İşləri düzgün aparıb, o
səviyyəyə çatdırmaq lazımdır. Çox yaxşı olar ki, biz Avropada 1
yox, 2-3 klub ilə mübarizə aparaq”.
Həsənov Avropa Liqası ilə vidalaşan Qurban Qurbanovun
komandasında motivasiya baxımından çətinliklər olacağını da
vurğulayıb: “Avropa Liqası “Qarabağ”ı çox irəli aparırdı.
Azərbaycan çempionatında onlar böyük fərq yaradıblar. Ola bilər ki,
bundan sonra Qurban Qurbanov az oynayanlara daha çox şans versin.
Əksi də mümkündür. Xal fərqinə görə işləri rahatdır. “Qarabağ”
Azərbaycan çempionatında Almaniya komandası kimidir. Rəqibə baxmır,
nə qədər bacarırsa qol vurur. O əslində yaxşıdır. Gərək hər bir
matça yüksək səviyyədə çıxasan. Qarşındakı rəqibə yazığın
gəlməməlidir”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında 1/8 final mərhələsində
“Bayer”ə 2 oyunun cəmində 5:4 hesabı ilə uduzaraq turnirlə
vidalaşıb.





























