
Bakı. Trend:
Bizim üçün çətin mövsüm keçdi.
Trend xəbər verir ki, bunu
İdman.biz-ə
qadın həndbolçulardan ibarət “Kür” klubunun direktoru Fuad
Yanqildin deyib.
O, Azərbaycan kubokunun finalında “Azəryol”a 28:27 hesabı ilə
qalib gəldikləri matçı şərh edib.
Klub rəsmisinin sözlərinə görə, il ərzində “Azəryol” və
“Qarabağ” kimi güclü komandalara qarşı mübarizə aparıblar: “Bizim
üçün bu görüş çox prinsipial qarşılaşma idi. Mövsümboyu bir neçə
dəfə qarşılaşmışıq. Məhz bu səbəbdən bu oyun bizim üçün çox vacib
idi. Qarşılaşmanın çətin olacağını bilirdik. Buna görə də psixoloji
cəhətdən hazırlaşırdıq ki, matçda hər hansı bir psixoloji zərbə
almadan qalib gələk. Həmişə komandama inanıram. Bu dəfə də qalib
gələcəyimizi gözləyirdim və belə də oldu”.
O, mövsümün əvvəlində komandaya gələn oyunçuların artıq
bir-birini çox gözəl başa düşdüyünü və bunun sayəsində də qələbə
qazandıqlarını deyib: “Bu oyuna yüksək səviyyədə hazırlaşmışdıq.
Qızlar məşq zamanı verilən tapşırıqların hamısını yerinə
yetirdilər. Yeni mövsümdə uğurlu iştirak etmək istəyirik və növbəti
dəfə Azərbaycan çempionatının qalibi olmağı hədəfləyirik. Əlbəttə
ki, bəzi oyunçuların komandadan getməsi ehtimalı var. Bu səbəbdən
heyətdə bəzi dəyişikliklər də olacaq”.
Qeyd edək ki, “Kür” Azərbaycan çempionatını ikinci yerdə
bitirib.





























