Advertisement

Azərbaycanda ilk dəfə “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşası təqdim olunub (FOTO)

Bakı. Trend:

Özbəkistanın Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun dəstəyi
ilə Azərbaycanda ilk dəfə “Lazgi. Qəlb və sevginin rəqsi” adlı
balet tamaşasının təqdimatı olub.

Məşhur balet tamaşası iki gün – martın 16-da və 17-də Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının səhnəsində təqdim edilir.

Trend xəbər verir
ki, tamaşanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Özbəkistan
Prezidentinin köməkçisi Saida Mirziyoyeva, mədəniyyət naziri Adil
Kərimli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları və digər
qonaqlar izləyiblər.

Məşhur alman xoreoqrafı və baletmeysteri Raul Raymondo Rebekin
quruluş verdiyi əsər UNESCO tərəfindən bəşəriyyətin Qeyri-maddi
mədəni irs siyahısına daxil edilən qədim xalq rəqsi Lazgiyə (Ləzgi)
həsr olunub.

Tamaşadan əvvəl Musiqili Teatrın direktoru, Əməkdar incəsənət
xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev
jurnalistlərə açıqlamasında Azərbaycanla Özbəkistan arasında mədəni
münasibətlərin son vaxtlar ən yüksək səviyyədə inkişaf etdiyini
bildirib. Qeyd edib ki, ötən il Bakıda keçirilən Özbəkistan
Mədəniyyət Günləri, eləcə də Azərbaycan kollektivlərinin
Özbəkistana səfərləri hər iki ölkənin mədəniyyət xadimləri
tərəfindən çox böyük sevgi ilə qarşılanır. “Özbəkistan səfərləri
doğrudan da hər zaman bizim mədəni əlaqələrin inkişafına çox böyük
yardım olur”, – deyə Ə.Lalayev əlavə edib.

Xorazm vilayətinin Dövlət Filarmoniyasının rəqqasəsi Gülnaz
Artıkova tamaşa üzərində artıq 4 ildir ki, çalışdıqlarını söyləyib.
O, Dubay, Moskva, Sankt-Peterburq şəhərlərində, həmçinin Almaniya,
Türkiyə və bir çox ölkələrdə çıxış etdiklərini bildirib.

Özbəkistanın Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının
prima-balerinası, Özbəkistanın Əməkdar artisti Nadira Hamrayeva
Bakıya gəldiyi üçün çox xoşbəxt olduğunu deyib: “Bizim
mədəniyyətlərimiz çox yaxın, dillərimiz oxşardır, musiqi
alətlərimiz ahənglidir. Ən əsası isə, xalq və klassik sənətimizə
olan sevgimizi digər ölkələrə ötürmək imkanımız var. Həmçinin bu
tamaşa Özbəkistanda balet truppası və folklor sənətçiləri arasında
yaradılan ən inanılmaz layihələrdən biridir”.

Sonra “Lazgi. Qəlb və sevginin rəqsi” baleti tamaşası təqdim
edilib.

Süjet min illər əvvəl Böyük İpək Yolu ilə Orta Asiyadan keçən
karvan dövründən başlayır. Səhranın hərarətində şamanların
nəğmələri altında “Sevgi” oyanır və ölümsüz “Qəlb” öz əbədi rəqsinə
başlayır. Bu, keçmişdən gələcəyə fantastik səyahət, çoxəsrlik
ənənələri və xalq xüsusiyyətlərini təcəssüm etdirən qəlbin və
əsrlər boyu onu izləyən sevginin hekayəsidir.

Xalqın tarixi, əcdadların xatirəsi, ruhların səsi – baletin hər
bir pərdəsində zamanlar arasındakı əlaqə güclənir və buna görə də
finalda “Qəlb” və “Sevgi” bölünməz bir bütövə çevrilir.

Baletin əsasında rəqsə və həyatın özünə olan sevgi dayanır. Xalq
müdrikliyini təcəssüm etdirən və bir çox sirlərlə əhatə olunan
Xorəzm rəqsinin tarixi üç min il əvvələ aiddir. Maraqlı enerji,
alovlu hərəkətlər, mürəkkəb rəqs təsvirinə əsaslanan unikal üslub
lazgini görkəmli mədəniyyət fenomenə çevirir. Özbəkistan milli
baletinin tamaşası ilk dəfə 2021-ci ildə ictimaiyyətə təqdim edilib
və dərhal tamaşaçıların rəğbətini qazanaraq mühüm sensasiyaya
çevrilib.

Balet tamaşası üzərində dövrümüzün görkəmli rəssamlarından
ibarət beynəlxalq komanda işləyib. Musiqisi bəstəkar Devidson
Cakonello tərəfindən yazılıb, dünya şöhrətli yapon multimedia
rəssamı Yoko Seyama heyrətamiz dekorlar və işıq effektləri
yaradıb.

Librettonun müəllifi və xoreoqrafı məşhur alman rəqqası,
Dortmund baletinin baletmeysteri və “NRV Junior” baletinin bədii
rəhbəri Raul Raymondo Rebekdir. O, 1987-2008-ci illərdə Berlin
Dövlət Operasının, “Essendəki Aalto teatrı” adlı Alman Opera və
Baleti Truppasının aparıcı solisti olub, “Prix de Lausanne” də
daxil olmaqla, nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Uilyam
Forsayt və İrji Kiliandan Moris Bejara qədər, Rudolf Nureyevdən
Rolan Petiyədək dünya səhnəsinin bir çox ulduzları ilə işləyib.
Baletmeyster və xoreoqraf kimi Almaniya, Avstriya, İsveçrə, Monako,
ABŞ, Kanada, Yaponiya və Honkonqdan olan kollektivlərlə əməkdaşlıq
edib. Beləliklə, onun quruluş verdiyi əsərlər Astana, Berlin,
Dortmund, Karlsrue, Münhen, Nyu-York, Seul və Ştutqart teatrlarının
repertuarlarını bəzəyib.