
Bakı. Trend:
“Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və
əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”
təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh
Kazımov qərar imzalayıb.
Qeyd edilib ki, bu qaydaya əsasən təqdim olunan sığorta təminatı
şəxsi sığortaya aid olan “həyatın ölüm halından sığorta” və “əmək
qabiliyyətinin itirilməsi hallarından sığortaya” aid edilir.
Bu qaydaya görə sığorta predmeti kredit müqavilələri üzrə
borcalan fiziki şəxslərdir. Eyni zamanda 18-dən aşağı, 65-dən
yuxarı yaşı olanlar, narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi
dispanserlərdə qeydiyyatda olan şəxslər, Hepatit C, onkoloji,
xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS
olan xəstələr, İİÇV daşıyıcıları olan xəstələr sığorta predmeti
hesab edilmir.
Bildirilib ki, sığorta müqaviləsi sığortalı tərəfindən
doldurulan sığortalanma haqqında ərizə əsasında bağlanır. İstehlak
krediti üzrə sığortalanma zamanı sığorta müqaviləsi sığortalanma
haqqında ərizə olmadan da bağlanıla bilər.



























