Advertisement

Ceyhun Bayramov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb (FOTO)

Bakı. Trend:

30 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində
Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru
Qoşunlarının komandanı, baş qərargah rəisi Asim Munir ilə
görüşüb.

Xİn-dən Trend-ə bildirilib ki, görüş əsnasında iki ölkə arasında
müdafiə və hərbi sahədə əməkdaşlığın perspektivləri, habelə müdafiə
sənayesi sahəsində iki ölkənin ixtisaslaşmış qurumları arasında
əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan və qardaş Pakistan arasında
hərbi-texniki sahədə əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və sıx
təmasların vacibliyini vurğulayıb.

İki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı fəaliyyətin
səmərəliliyinin artırılması, habelə müvafiq qoşun növləri arasında
təcrübə mübadiləsinin həyata keçirilməsi üçün ikitərəfli, habelə
Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli hərbi təlimlərin
əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmsöhbətini həmçinin Azərbaycan və
Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, habelə
Azərbaycanın 4 kəndinin qaytarılması və sərhədin müəyyən hissəsinin
delimitasiyası prosesində əldə edilən son razılaşmalar barədə
məlumatlandırıb.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.