
32 il əvvəl Ermənistanın işğal etdiyi və öz ərazisinə qatdığı 4
kəndimiz azad edilərək Azərbaycana qaytarıldı. Bu, Azərbaycanla
Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və
delimitasiyası ilə bağlı aparılan danışıqların ilkin mərhələsinin
uğurla başa çatdığının göstəricisi sayıla bilər.
Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Şahin
Mustafayevlə Mher Qriqoryanın rəhbərlik etdikləri heyətlər arasında
birbaşa aparılan danışıqlar rəsmi Bakının ciddi diplomatik
uğurudur. Danışıqlarla müzakirələr Rusiya və İranın, habelə ABŞ,
Fransa və Avropa İttifaqının fasiləsiz “təkliflər”lə
“məsləhət”lərinə rəğmən vasitəçilərsiz aparılır. Bu isə öz
növbəsində yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesin də
hər hansı subregional dövlət, təşkilat və ya siyasətçilərin
iştirakı olmadan başa çatması ehtimalını gücləndirir.
Hazırda Ermənistanın Tavuş (Tovuzqala) rayonu ilə Azərbaycanın
Qazax rayonunun arasındakı şərti dövlət sərhədi legitimləşir, həmin
məkana hər iki ölkənin sərhədçiləri yerləşdirilib və müvafiq
infrastruktur yaradılır.
Ölkəmizin Ermənistan ərazisində, Tavuş rayonunda eksklavları
olan Yuxarı Əskipara, Soyulu və Barxudarlı kəndlərinə gəldikdə isə,
onların işğaldan azad olunaraq Azərbaycana təhvil verilməsi ilə
bağlı müvafiq danışıqlara başlanacaq.
Bakı və İrəvan arasında müzakirə predmetinə çevriləcək həmin
kəndlərin sonrakı taleyini ermənilər mübahisələndirməyə çalışsalar
da, beynəlxalq hüququn prinsipləri İrəvanın süni manevr imkanlarını
yetərincə məhdudlaşdırıb.
Üç kəndin Azərbaycan ərazisi olması, işğala məruz qalması, həmin
yaşayış məntəqələrində qanunsuz məskunlaşmanın aparılması və s.
kimi əməllər birmənalı olaraq müharibə cinayətləri sayıldığından
Ermənistanın hər hansı beynəlxalq normaya istinad edərək, müəyyən
apellyasiyalara əl atmaq cəhdləri, şübhəsiz ki, olacaq. Amma
onların məntiqi, siyasi və hüquqi əsasları olmadığından yalnız
demaqogiya ilə pərdələnmiş revanşizm, işğala haqq qazandırmaq
istəyi qismində dəyərləndiriləcək.
Üç kəndin taleyi ilə bağlı danışıqların başlanma tarixi və
keçiriləcəyi məkanla bağlı hələlik heç bir rəsmi məlumati yoxdur.
Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdikləri
komissiyaların bundan sonrakı fəaliyyətinə gəldikdə, müzakirə
predmetinin Azərbaycanın Tovuz və Gədəbəy rayonları ərazilərinin
Ermənistanla şərti dövlət sərhədi boyunca xəttin delimitasiyası
olacağını təxmin etmək mümkündür.
Ermənistan mediasında yer alan xəbərlərə görə, Ermənistanın
Gekarkunik mərzinin (Göyçə mahalı) Çəmbərək kəndinin sakinləri
dağlıq ərazilərdə geodezistləri görüblər. Guya onlar deyiblər ki,
həmin ərazilərdə Ermənistan ordusunun 12 döyüş-müdafiə mövqeyi ləğv
ediləcək.
Bəhs olunan mövqelərin əksəriyyəti 1990-cı illərdə, Ermənistan
ordusunun Azərbaycan ərazisinin 20 faizinin işğalına başladığı
dönəmdən sonra yaradılıb. Ermənistan ordusu bütün cəhdlərinə
rəğmən, Tovuz və Gədəbəy rayonlarının ərazilərinə çox kiçik
ərazilər istisna olmaqla, daxil ola bilməmiş, həmin rayonların
torpaqlarının bir hissəsini işğal etmək planlarının darmadağını ilə
üzləşmişdi.
44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Tovuz və Gədəbəy
rayonlarında, Ermənistanla şərti dövlət sərhədi boyunca ermənilərin
“irəliləyiş” hesab etdikləri mövqeləri ləğv edilib.
Şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesi
sabiq SSRİ-nin Müdafiə Nazirliyinin Baş Qərargahının 1975-ci
tarixli hərbi xəritələri, həmçinin, 1991-ci ildə Alma-Ata şəhərində
imzalanmış bəyannamə əsasında aparılır.
Bakı və İrəvan prosesin bundan sonra da sözügedən prinsiplər
əsasında aparılmasında maraqlıdır.
Ermənistanla Azərbaycan arasındakı şərti dövlət sərhədinin Tovuz
və Gədəbəy istiqamətindəki hissəsinin delimitasiyası ilə
demarkasiyasında Qazax rayonunun 4 kəndi ilə bağlı müzakirələrdən
baza kimi istifadə olunacağını demək olar.
Qazaxın yerdə qalan üç kəndi və Naxçıvan Muxtar Respublikasının
Kərki kəndi hazırda Ermənistan ərazisində qalmış
eksklavlarımızdır.
Təbii ki, Ermənistanın da öz şərtləri var. İrəvan Azərbaycanın
Gədəbəy rayonundakı Başkəndi öz ərazisi hesab edir, “Artsvaşen”
adlandırır.
Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki,
şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesi
çərçivəsində Azərbaycan Başkənd kəndini ermənilərə
qaytarmalıdır.
İrəvanın bu şərti paradoksal olduğundan, müzakirə ediləcək və
Ermənistan cəmiyyəti Başkəndlə bağlı illüziyalarının reallaşmaya
biləcəyinə indidən hazır olmalıdır.
Şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası, yekun
sülh sazişinin imzalanması, kommunikasiyaların bərpası və yeni
logistika marşrutlarının işə salınması, sonda isə normal
dövlətlərarası münasibətlərin qurulması Azərbaycanın təklif etdiyi
gündəmdir.
Ermənistan ya bu prosesdə fəal iştirak edərək, Cənubi Qafqazda
stabil sülhün və dayaıqlı təhlükəsizliyin təmin olunmasına
çalışmalı, ya da ərazi iddiaları, revanşizm və zooloji irqçilik
ideologiyasına əsaslanan narrativlər istiqamətini tutaraq,
dövlətçiliyini təhlükə altına atmalıdır.
İrəvana sülh marşrutunda tam dəstək verdiyini sürəkli bəyan edən
Qərbin məsələlələrə baxışı, yumşaq desək, fərqlidir. Avropa
İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyası (EUMA)
şərti dövlət sərhədinin Ermənistan tərəfində tam təhlükəsizliyin
təminatına çalışmaq əvəzinə, militar kontingent kimi davranır,
sülhün əldə edilməsi üçün etməli olduğu işlərin heç birini
reallaşdırmır.
Tam əksinə, Avropa İttifaqının müvafiq qurumları və
siyasətçiləri Fransanın təhriki ilə Ermənistanın hakimiyyəti ilə
yanaşı, siyasi elitalarında, xüsusilə də müxalifətində çox
təhlükəli, yanlış özünəəminliyin formalaşmasına rəvac verirlər.
Məhz Qərbin təşviq etdiyi belə hisslər Nikol Paşinyan
administrasiyasını bəyanatlarla əməllər arasında uçurum yaratmağa
sövq edir, revanşist qüvvələri və kənardan idarə olunan müxalifət
qurumlarını isə radikallaşmağa təşviq edir.
Erməni Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuş yeparxiyasının
arxiyepiskopu, keşih Baqrat kimi tanınan Vazgen Qalstanyanın
simvolik rəhbər olduğu “Vətən uğrunda Tavuş” hərəkatında birləşmiş
kilsə, sabiq prezident Robert Köçəryan və Serj Sarqsyanın
siyasi-maliyyə strukturları, erməni diasporu, xaricdən
maliyyələşərək, idarə olunan kiçik müxalifət qruplarının hazırda
birgə keçirdikləri etiraz aksiyalarının mahiyyəti revanşizm, ərazi
iddiaları və saxta narrativlərdir.
Məhz Qərbin yürütdüyü siyasət nəticəsində ruhlanan erməni
kilsəsi hazırda aşkar şəkildə siyasətə qatılır, keşiş Baqratı baş
nazir etmək istəyir.
Aprelin 19-da etiraz aksiyaları başlayandan bəri bu prosesə
təqribi olaraq 600 min dollar xərclənsə də, Ermənistanda hakimiyyət
dəyişikliyinə nail olmaq üçün kritik kütlə hələ də yoxdur.
Vədlərə və şirnikləndirmələrə rəğmən, Qərb ermənilərin
maraqlarını yox, öz mənafeyin düşünür.
Ermənilərin xəyallarından fərqli olaraq, real siyasətin siması
budur.





























