
Bakı. Trend:
Başqırdıstan Azərbaycanla arıçılıq sahəsində əməkdaşlığı inkişaf
etdirməyi planlaşdırır.
Bu barədə Trend-ə özəl müsahibəsində Başqırdıstanın baş
nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazrahmanov
deyib.
“Arıçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən,
elmi tədqiqat fəaliyyəti planlara daxildir. Regionumuzda orta rus
cinsli arıların yetişdirilməsi üçün damazlıq reproduksator
statusuna malik olan “Altyn Solok” adlı muxtar qeyri-kommersiya
təşkilatı fəaliyyət göstərir.
Təşkilatın nəzdində unikal molekulyar-genetik ekspertiza
laboratoriyası yaradılıb. “Altyn Solok” laboratoriyasında Rusiya
ərazisində bal arılarının ən böyük DNT bankı yaradılıb ki, daim
tamamlanr və yenilənir. Bu səbəbdən azərbaycanlı həmkarlarımızla
arıların seleksiyası istiqamətində əminliklə əməkdaşlıq edə
bilərik. Həmçinin, arı xəstəlikləri ilə mübarizə üzrə təcrübəmizi
bölüşə bilərik. Yaxın zamanda bu istiqamətdə sıx əməkdaşlıq qurmağı
planlaşdırırıq”, – o deyib.
Qeyd edək ki, aprelin 24-də Bakıda Azərbaycan-Başqırdıstan
biznes forumu keçirilib. Baş nazirin müavini forumda çıxışında
Başqırdıstanın Azərbaycandan olan sahibkarlarla uzunmüddətli
əməkdaşlığa ümid etdiyini bildirib.
“Azərbaycanın iş adamlarına bizdə işləməyi təklif edəcəyik,
qarşılıqlı faydalı əməkdaşlıqla ölkədəki sahibkarlar üçün rahat
şərait yaradılacaq”, – o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























