
Bakı. Trend:
Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində
Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur
Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru doktor
Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.
Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə Teymur
Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığa
böyük önəm verildiyini diqqətə çatdırıb və ötən müddət ərzində
ÜST-nin Azərbaycana göstərdiyi dəstəyinə görə təşəkkürünü
bildirib.
Öz növbəsində doktor Tedros Adhanom Qebreyesus Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa
verdiyi önəmi yüksək qiymətləndirib. ÜST-nin Baş direktoru
gələcəkdə də təşkilatın Azərbaycanla birgə layihələrin uğurla
reallaşdırılacağına əminlik ifadə edib.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi
edəcəyi münasibətilə təbrik edən ÜST-nin Baş direktoru mötəbər
tədbirdə iştiraka dəvətinə görə Azərbaycan Hökumətinə təşəkkürünü
bildirib. Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirləri ən
yüksək səviyyədə təşkil etdiyi vurğulayan doktor Tedros Adhanom
Qebreyesus noyabr ayında keçiriləcək COP29-da iştirakını
səbirsizliklə gözlədiyini qeyd edib.
Sonda qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.





























