Advertisement

“AirBaltic” Riqa-Bakı marşrutu üzrə mövsümi uçuşları bərpa edəcək

Bakı. Trend:

Latviyanın “AirBaltic” milli aviaşirkəti 2024-cü ilin
iyul-noyabr aylarında Riqa və Bakı arasında ənənəvi birbaşa mövsümi
uçuşlar həyata keçirəcək.

Trend xəbər
verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfirliyinin missiya
rəhbərinin müavini Vija Buşa Riqada “Caspian Energy Club”
tərəfindən təşkil olunan “Mərkəzi Baltikyanı ölkələr və Azərbaycan”
biznes forumunda deyib.

“Nəqliyyat və logistika əməkdaşlığın mühüm sahəsidir. Xəzər
dənizi, Qara və Baltik dənizlərinin regionları arasında möhkəm,
sabit və etibarlı nəqliyyat əlaqələrini inkişaf etdirmək çox
vacibdir”, – o deyib.

Onun sözlərinə görə, Latviya Respublikası Azərbaycanla
əməkdaşlığın inkişafında maraqlıdır və biznes üçün bir çox imkanlar
görür.

“Latviya və Azərbaycan arasında iqtisadi əlaqələr son illər
müsbət tendensiya ilə inkişaf edir. Latviya İKT, ağıllı enerji və
“yaşıl” texnologiyalar, o cümlədən, kənd təsərrüfatı, ali və peşə
təhsili kimi sahələrdə əməkdaşlığı möhkəmləndirmək niyyətindədir”,
– deyə Buşa əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun