Bakı. Trend:
Son zamanlar, SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti) qarşı yönəlmiş bəzi ittihamlar və yalan məlumatlar
yayılıb.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
A.Qarayev bildirib ki, SOCAR-ın İsrailə neft satdığı iddiaları
əsassızdır.
“Şirkət bu iddiaları qətiyyətlə rədd edir və bunların əsassız və
yalan olduğunu bildirir. Neft ticarətində beynəlxalq qaydalara
uyğun olaraq, neft məhsulları trader şirkətlər vasitəsilə satılır.
Bu şirkətlər isə nefti kimin alacağına dair konkret məlumatlar
vermirlər və bu məlumatları açıqlamaq məcburiyyətində deyillər.
SOCAR, neftini müxtəlif trader şirkətlərinə satır və bu traderlər
isə nefti daha sonra müxtəlif ölkələrə paylayır. Buna görə də,
SOCAR-ın nefti konkret olaraq hansı ölkəyə satdığını bilmək və buna
nəzarət etmək mümkün deyil”.
Politoloq onu da qeyd edib ki, SOCAR-a qarşı aparılan bu
kampaniyalar, əslində, daha geniş miqyaslı və siyasi məqsədlər
güdən qruplar tərəfindən təşkil olunub.
“Bu hücumların əsas məqsədi, Azərbaycan-Türkiyə qardaşlığına
xələl gətirmək, SOCAR-ı və bütövlükdə Azərbaycanı Türkiyə
ictimaiyyətində nüfuzdan salmaqdır. Xüsusilə Türkiyədə kök salmış
və İran tərəfindən dəstəklənən bəzi qruplaşmalar bu işdə fəal
iştirak edir. Onlar Azərbaycan və Türkiyə arasındakı səmimi və
güclü əlaqələri zəiflətmək üçün müxtəlif yalan məlumatlar
yayırlar”.
A.Qarayev əlavə edib ki, SOCAR, Azərbaycan və Türkiyə arasındakı
qardaşlıq münasibətlərinin və strateji əməkdaşlığın güclənməsinə
böyük töhfə verən bir şirkətdir.
“İki qardaş ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələr
çox dərin köklərə malikdir və SOCAR bu əlaqələrin inkişafında mühüm
rol oynayır. SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, bu
əlaqələrin möhkəmləndirilməsi baxımından çox önəmlidir”.
Onun sözlərinə görə, bu hücumların arxasında duran qüvvələr,
Azərbaycanın və Türkiyənin birlik və qardaşlıq ruhunu zədələmək
məqsədi güdürlər.
“Lakin bu cür yalan və əsassız ittihamlar, hər iki ölkənin
xalqlarının arasındakı dərin və sarsılmaz əlaqələri sarsıda
bilməyəcək. SOCAR və bütövlükdə Azərbaycan, qardaş Türkiyə ilə olan
əlaqələrini daha da gücləndirərək, bu cür hücumlara qarşı möhkəm
dayanacaqdır”.





























