Bakı. Trend:
İyunun 4-də Minskdə Avrasiya Hökumətlərarası Şurasının geniş
tərkibdə iclası keçirilib.
Nazirlər Kabinetindən Trend-ə
verilən xəbərə görə, iclasda Azərbaycan Respublikasının Baş naziri
Əli Əsədov qonaq qismində iştirak edib.
İclasda çıxış edən Ə.Əsədov bildirib ki, Azərbaycanın Avrasiya
İqtisadi İttifaqı (Aİİ) üzrə tərəfdaş dövlətlərlə ikitərəfli
formatda sıx əlaqələri mövcuddur.
“Ən yüksək səviyyədə etibarlı və intensiv siyasi dialoq bunun
bariz sübutudur. Bu ilin əvvəlindən Qazaxıstan, Qırğızıstan və
Belarus Prezidentləri Azərbaycana dövlət səfərinə gəliblər,
Azərbaycan Prezidenti isə Rusiyaya işgüzar səfər edib”, – deyə Baş
nazir bildirib.
Vurğulanıb ki, Azərbaycanın tərəfdaş ölkələrinin hər biri ilə
qarşılıqlı faydalı əməkdaşlığın bütün spektri üzrə qarşılıqlı
münasibətlərin mütərəqqi inkişafını təmin edən çox möhkəm
ikitərəfli müqavilə-hüquq bazası yaradılıb.
İqtisadi-ticari əməkdaşlıq sahəsini qarşılıqlı fəaliyyətin
prioritet istiqaməti adlandıran Ə.Əsədov qeyd edib ki, 2023-cü ilin
yekunlarına görə Azərbaycanın Aİİ üzrə tərəfdaşlarla ticarət
dövriyyəsi təxminən 9% artıb.
Bildirilib ki, dövlət başçılarının tapşırıqlarını yerinə
yetirmək üçün hökumətlərin xətti üzrə ikitərəfli formatda
iqtisadi-ticari əməkdaşlığın hələ istifadə olunmamış potensialının
həyata keçirilməsi üçün müxtəlif variantlar işlənib hazırlanır.
Qarşılıqlı investisiya fəaliyyətinin müsbət dinamikasına diqqət
çəkən Baş nazir qeyd edib ki, gündəmdə uzunmüddətli perspektivə
yönəlmiş bir sıra yeni ikitərəfli investisiya layihələri var.
Nəqliyyat-tranzit sahəsindəki əməkdaşlığa toxunan Ə.Əsədov
vurğulayıb ki, bu gün Azərbaycanın səyləri ölkənin tranzit
potensialının gücləndirilməsinə və onun ərazisindən keçən
beynəlxalq dəhlizlər üzrə yük axınının artırılmasına yönəlib.
Etibarlı və müasir nəqliyyat infrastrukturu sayəsində Azərbaycan
beynəlxalq nəqliyyat dəhlizlərinin (BND), xüsusilə Şimal-Cənub və
Şərq-Qərb BND-lərin inkişafına öz töhfəsini verir.
Yaşıl enerji sahəsində əməkdaşlığın və iqlim dəyişikliyinin
fəsadlarına qarşı mübarizənin aktuallığını vurğulayan Baş nazir,
iclas iştirakçılarına Azərbaycanın bərpa olunan enerji resursları
sahəsində uğurla həyata keçirdiyi layihələr barədə məlumat
verib.
Qeyd olunub ki, Azərbaycan Aİİ üzrə tərəfdaşlarla regional və
beynəlxalq təşkilatlar çərçivəsində də çoxtərəfli formatda
əməkdaşlıq edir.
“Hesab edirəm ki, ölkələrimizin üzv olduğu və geniş spektrli
istiqamətlər üzrə səmərəli qarşılıqlı fəaliyyət göstərdiyi Müstəqil
Dövlətlər Birliyi platformasını qeyd etmək yerinə düşər”, –
Ə.Əsədov əlavə edib.





























